Günəş eynəyi yalnız gözləri deyil, ümumi sağlamlığı da qoruyur - Araşdırma

Günəş işığında olan ultrabənövşəyi (UV) şüalar gözlərdə katarakta, sarı ləkə xəstəliyi (makula degenerasiyası) və hətta göz qapağı xərçəngi riskini artırır.
Redaktor.az xəbər verir ki, ABŞ-nin "American Academy of Ophthalmology" təşkilatının apardığı yeni araşdırmaya görə, günəş eynəyi taxmaq yalnız yay fəslində deyil, ilboyu göz sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır.
Araşdırmada qeyd olunur ki, xüsusilə UV400 filtrli günəş eynəkləri günəş şüalarının 99%-dən çoxunu bloklayaraq gözləri qoruyur. Eynək taxmaq həmçinin gözün qurumasının qarşısını alır, külək və tozun yaratdığı mexaniki qıcıqlanmanı azaldır.
Mütəxəssislər vurğulayırlar ki, günəş eynəyindən istifadə yalnız estetik məqsəd daşımamalıdır. İdmanla məşğul olarkən, dəniz kənarında, hətta qış aylarında qar səthindən əks olunan UV şüaları zamanı belə eynək taxmaq tövsiyə olunur.
Həkimlər həm böyüklərə, həm də uşaqlara açıq havada uzun müddət qaldıqda keyfiyyətli günəş eynəyi taxmağı tövsiyə edir. Araşdırma müəlliflərinin sözlərinə görə, bu sadə vərdiş gələcəkdə ciddi göz xəstəliklərinin qarşısını almaqda ən təsirli qoruyucu üsullardan biridir.
Nuriyyə NATİQQIZI