Gecə az yatmaq ürək-damar xəstəlikləri riskini artırır

Böyük Britaniyanın London Universitet Kollecində aparılan genişmiqyaslı araşdırma, gecə yuxusunun müddəti ilə ürək-damar sağlamlığı arasındakı əlaqəni ortaya qoyub.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Tədqiqat çərçivəsində 8 il ərzində 7 ölkədən 10 mindən çox insanın yuxu rejimi izlənilib. Nəticələr göstərib ki, gündə 6 saatdan az yatan şəxslərdə infarkt və insult riski normal yatan insanlara nisbətən 20 faiz yüksəkdir.
Araşdırmanın müəlliflərindən professor Marcus Richards qeyd edib ki, yuxu zamanı bədən qan təzyiqini, ürək döyüntülərini və hormonal balansı tənzimləyir:
“Uzunmüddətli yuxu çatışmazlığı orqanizmdə xroniki stress yaradır, bu isə birbaşa olaraq damarların elastikliyini azaldır və ürək-damar xəstəliklərinə zəmin hazırlayır”.
Mütəxəssislər sağlam ürək üçün böyüklərin gecə 7-8 saat fasiləsiz yatmasını tövsiyə edirlər.
Nuriyyə NATİQQIZI