Bu kosmetik vasitələr qızartıları azaldır və dərini qoruyur

Son dövrlərdə aparılmış xarici tədqiqatlar göstərir ki, melatonin tərkibli kosmetik vasitələr üzdəki qızartıların azalmasına və dərinin bərpasına kömək edir.
Redaktor.az bu barədə "Gazeta.ru"ya istinadla xəbər verir.
Almaniyanın d’Alba Dermatologiya Mərkəzinin kosmetoloqu və dermatoveneroloqu Yekaterina Ançikova bildirir ki, melatonin xüsusilə qıcıqlanmağa meyilli, akneli və rozasealı dəri üçün faydalıdır. O, qeyd edib ki, melatonin tərkibli kremlər yalnız qızartıları azaltmır, həm də fotoyaşlanma və incə qırışların qarşısını almaq üçün profilaktik vasitə kimi işləyir.
Tədqiqatlar göstərir ki, melatonin oksidləşmə stresinə qarşı qoruyucu rol oynayır. UVA şüaları, atmosfer çirkliliyi, tütün tüstüsü və elektron cihazların mavi işığı dəridə oksidləşmə proseslərini sürətləndirir. Melatonin isə kollagen və elastini qoruyaraq dərinin elastikliyini artırır, DNT zədələnməsinin qarşısını alır və incə xətlərin görünməsini azaldır.
Mütəxəssislər bildirirlər ki, melatonin kosmetik məhsullarda adətən 0,01–0,5% konsentrasiyada olur və onun dəridə təsirini artırmaq üçün liposom və nanosom kimi xüsusi çatdırılma sistemlərindən istifadə olunur. Bundan əlavə, melatonin adətən digər antioksidantlar (C və E vitamini, koenzim Q10) və regenerasiyaedici komponentlərlə (retinol, peptidlər) birləşdirilərək istifadə edilir.
Araşdırmada vurğulanır ki, melatonin tərkibli kosmetik vasitələr hormonal təsir göstərmir və SPF qoruyucu kremlərlə birlikdə istifadə olunmalıdır. Mütəxəssislər qeyd edirlər ki, gözlə görünən nəticələr bir neçə həftəlik müntəzəm istifadədən sonra ortaya çıxır və təsiri artırmaq üçün digər antioksidantlarla kombinə edilə bilər.
Nuriyyə NATİQQIZI