Yaşıl çay içərkən miqdarına diqqət EDİN

Dietoloq Tatyana Selezneva yaşıl çayın faydalı xüsusiyyətlərinə baxmayaraq, onun həddindən artıq istifadəsinin orqanizmə mənfi təsir göstərə biləcəyini bildirib.
Redaktor.az xəbər verir ki, o, aif.ru-ya açıqlamasında bu içkinin sağlamlıq üçün təhlükəsiz olan gündəlik maksimum qəbul normasını açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, gün ərzində dörd fincandan artıq yaşıl çay içmək olmaz. Çünki içkinin tərkibində yüksək miqdarda kofein var və bu, xüsusilə də yatmazdan əvvəl qəbul edildikdə yuxu problemlərinə səbəb ola bilər.
“Üç və ya dörd stəkandan çox içməmək tövsiyə olunur. Gün ərzində yaşıl çay qəhvədən daha çox içilə bilər, amma miqdar normanı aşmamalıdır”, - deyə Selezneva vurğulayıb.
Dietoloq həmçinin paket çaylar əvəzinə boş yarpaqlı çay dəmləməyi tövsiyə edib.
Onun sözlərinə görə, içkiyə zəncəfil və limon əlavə edildikdə tonik təsiri daha aydın hiss olunur.
Aytəkin TOFİQQIZI