Bədəndə keyləşmə sadə əlamət, yoxsa ciddi xəstəliyin xəbərçisi? - Həkimdən AÇIQLAMA

İnsanlar tez-tez bədənin müəyyən nahiyəsində keyləşmədən şikayət edirlər. Bəzən isə sadə keyləşməni iflic əlaməti kimi qəbul edənlər olur. Halbuki keyləşmə hər zaman ağır xəstəliyin göstəricisi deyil, amma səbəbləri müxtəlif ola bilər və diqqətdən kənarda qalmamalıdı
Bəs keyləşmənin səbəbləri nələrdir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-nevroloq Rəna Abbasova bildirdi ki, belə hallarda xəstənin yaşı, cinsi, peşəsi və çəkisi ilk növbədə nəzərə alınır:
"Bunlar mühüm amillərdən sayılır. Peşə xüsusilə əhəmiyyətlidir. Məsələn, əllərdə keyləşmə daha çox əl işi ilə məşğul olanlarda və kompüter qarşısında uzun müddət çalışanlarda müşahidə olunur. Simmetriya da önəmlidir: keyləşmə yalnız bir ətrafda, yuxarı ətraflarda və ya bütün bədəndə ola bilər. Nevroloji səbəblərdən əvvəl metabolik amillərə baxılır. Şəkərli diabet, tiroid problemləri, zob, endokrin pozuntular ilk araşdırılanlardandır. Daha sonra ürək-damar sistemi xəstəlikləri, revmatik problemlər, damar patologiyaları və autoimmun xəstəliklər nəzərdən keçirilir".
Həkim nevroloji səbəblərdən də bəhs etdi.
"Sinirlərin sıxılması əsas faktorlardandır. Boyun və ya bel nahiyəsində fəqərəarası yırtıq və protruziya sinirlərə basqı yaradaraq əllərdə və ayaqlarda keyləşməyə səbəb ola bilər. Bundan əlavə, funksional xarakterli hallar da mümkündür: hər hansı patoloji aşkarlanmır, amma stres və əsəb fonunda əllərdə keyləşmə hiss olunur. Ən çox rast gəlinən səbəblərdən biri karpal tunel sindromudur. Bilək kanalında sinir sıxıldıqda yalnız keyləşmə deyil, həm də ağrı, xüsusilə axşam saatlarında artan narahatlıq müşahidə olunur. Revmatik xəstəliklər zamanı isə keyləşmə ilə yanaşı ağrı və şişkinlik də yaranır. Əgər keyləşmə epizodikdirsə, məsələn, uzun müddət dirsəklənməkdən, ağır yük daşımaqdan sonra baş veribsə, bir neçə saat və ya gün ərzində keçir. Lakin səbəbsiz baş verən, təkrarlanan, get-gedə artan keyləşmə ciddi qəbul edilməli və həkimə müraciət olunmalıdır",- deyə nevroloq fikirlərini yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI