Uşaqlıqda alınan travmaların davranışlara TƏSİRİ

 15:21 20.08.2025     66

"Uşaqlıq insanın keçmişi və həyat təcrübəsinin bir hissəsidir. Şəxsiyyətin formalaşmasına nəzər saldıqda, bütün travmaları yalnız mənfi emosiyalarla əlaqələndirmək düzgün deyil. Bəzən insan travmalardan elə nəticə çıxarır ki, bu, onu həyatda daha güclü edir. Həm də travmalar hər kəsdə eyni təsir buraxmır. Keçmiş dedikdə insanın yaddaşında qalan və emosional iz buraxan hadisələr nəzərdə tutulur. Bu gün travmanın özü yox, həmin anda hiss edilən duyğular daha önəmlidir".

Redaktor.az xəbər verir ki, bu sözləri 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu Rövşən Cəfərov qeyd etdi.

Psixoloq vurğuladı ki, şəxsiyyət həm müsbət, həm də mənfi təcrübələrin birləşməsi ilə formalaşır. İnsan yetkinlik dövründə ortaya qoyduğu nitq və davranış tərzini əslində uşaqlıq təcrübələrindən və travmalarından götürür. Deməli, uşaqlıqda yaşanan hər şey insanın bu gününü formalaşdırır və şəxsiyyətin inkişafı üçün həmin təcrübələr zəruridir.

"Uşaqlıqda formalaşan izlər insanın münasibətlərinə, özünüifadə formasına, psixoloji dayanıqlığına təsir göstərir. Onlar stressə nə qədər davamlı olmağı və stressi idarə etmə bacarığını müəyyənləşdirir. Əgər valideynlər övladlarına səhvləri bir fəlakət kimi deyil, təcrübə kimi qəbul etdirməyi bacarsalar, onların psixoloji dayanıqlığı və adaptasiyası daha güclü olacaq. Çünki dayanıqlılıq şəxsiyyətin tam formalaşması üçün vacibdir və gələcəkdə oxşar vəziyyətlərdə sağlam mübarizə aparmaq imkanı yaradır", - deyə o bildirdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən