Çips yeməyin sağlamlıq üçün ciddi təhlükələri

 15:39 20.08.2025     121

Beynəlxalq alimlərin apardığı yeni araşdırma göstərib ki, həftədə üç dəfə çips yemək tip 2 diabet riskini 20 faiz artırır.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu göstərici həftədə beş dəfə istehlak zamanı isə 27 faizə qədər yüksəlir.

Mütəxəssislərin sözlərinə görə, sobada bişmiş, qaynadılmış və ya püre halında qəbul edilən kartoflar eyni miqdarda yeyildikdə risk yalnız 5 faiz artır. Araşdırmada həmçinin qeyd olunur ki, çipsi tam taxıllarla əvəz etmək diabet riskini təxminən 19 faiz azalda bilər.

Mövzu ilə bağlı aparılmış başqa beynəlxalq tədqiqat isə göstərib ki, gün ərzində hər əlavə 100 qram ultra-emal olunmuş qidanın qəbulu yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri, həzm problemləri, xərçəng və erkən ölüm ehtimalını artırır. Siyahıya çips, qazlı içkilər və qablaşdırılmış şirniyyatlar daxildir.

Mütəxəssislər bildirirlər ki, bu nəticələr çips və oxşar qidaların müntəzəm istifadəsinin sağlamlıq üçün təhlükə yaratdığını bir daha sübut edir. Onların fikrincə, çips yalnız nadir hallarda və az miqdarda qəbul edilməli, gündəlik qidalanmada isə daha sağlam alternativlərə üstünlük verilməlidir.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən