Uşaqlarda peyvənd mübahisəsi: faydamı, zərərmi?

Körpələr doğulduqları andan etibarən müxtəlif xəstəliklərə qarşı qorunmaları üçün onlara peyvəndlər vurulur. Peyvəndlərin əsas məqsədi uşaqları təhlükəli infeksiyalardan müdafiə etmək olsa da, valideynlər bəzən onların faydaları və mümkün yan təsirləri barədə tərəddüd yaşayırlar.
Bəs bu peyvəndlərin faydaları və mümkün yan təsirləri nələrdir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-pediatr Nigar Bayramova bildirdi ki, peyvəndlər tibbin bu günə qədər ən faydalı kəşflərindən biridir:
"Heç bir başqa tibbi kəşf insan ölümünün qarşısının alınmasında peyvəndlər qədər təsirli olmayıb. Dünyada hər il təxminən 6 milyon ölüm, 700 mindən çox əlillik peyvəndlər sayəsində önlənir. Çiçək xəstəliyinin tamamilə yoxa çıxması, tip 2 poliomielitin son on ildə müşahidə olunmaması, tip 1 poliomielitin iki ildir qeydə alınmaması, tip 3 poliomielitin isə yalnız Pakistan və Əfqanıstanda mövcud qalması peyvəndlərin nəticəsidir. Bu xəstəliklər tarix boyu kütləvi ölümlərə, əlilliklərə səbəb olan, müalicəsi mümkün olmayan infeksiyalar olmuşdur".
Həkimin sözlərinə görə, peyvəndlər tam qoruyucu deyil:
"Bəzən peyvənd olunmuş şəxslərdə də xəstəlik baş verir. Lakin peyvəndsiz şəxslərlə müqayisədə xəstəlik çox yüngül keçir, ağırlaşmalar və fəsadlar yaranmır. Rotavirus, su çiçəyi, göy öskürək kimi xəstəliklərdə peyvənd olunmuş şəxslər yoluxduqda belə xəstəlik qısa müddətdə və asan şəkildə keçir, xəstəxana müalicəsinə və ölüm hallarına səbəb olmur. Yüksək peyvəndləmə nəticəsində ictimai immunitet formalaşır, infeksiya zənciri qırılır. Məsələn, ABŞ-da yeddi ştamlı pnevmokok peyvəndindən sonra uşaqlarda bu xəstəliyin səviyyəsi 94% azalmışdır. Beləliklə, peyvəndlər xəstəliklərin qarşısını alır, xəstəxana yatışlarını və antibiotik istifadəsini əhəmiyyətli dərəcədə azaldır. Doğum evlərində uşaqlara vurulan BCG peyvəndi vərəmin, hepatit B peyvəndi isə qaraciyər sirozu və hepatoselüler karsinomanın qarşısını alır. Təəssüf ki, son illərdə peyvənd tərəddüdü artmış, bəzi valideynlər əsassız şayiələr səbəbindən peyvəndlərdən imtina etmişlər. Həkimlər isə valideynlərə uşaqların ölüm, əlillik, xəstəxana müalicəsi risklərinin azaldılması üçün yalnız elmi mənbələrə güvənməyi, tərəddüdləri olduqda pediatrlardan məsləhət almağı tövsiyə edirlər".
Müsahibimiz əlavə etdi ki, peyvənd yaşında olan uşaqların valideynləri gənc olduqları üçün bu xəstəliklərin çoxunu görməyiblər:
"Halbuki, göy öskürək, vərəm, hepatit B, qızılca, məxmərək, epidemik parotit, poliomielit, çiçək kimi xəstəliklərin bu gün nadir hallarda rast gəlinməsi kütləvi peyvəndləmə və ictimai immunitetin nəticəsidir. Əgər peyvəndləmə dayandırılsa, bu xəstəliklər geri qayıdacaq. Peyvəndlərdən sonra qısa müddətli əlavə təsirlərinyeksiya yerində ağrı, qızartı, yüngül hərarət ola bilər. Bunlar qısa davam edir və asanlıqla aradan qalxır. Belə hallarda mütləq həkimlə əlaqə saxlanmalı, lazımi məsləhətlər alınmalıdır. Ölkəmizdə daha az yan təsirli peyvəndlərdən, məsələn hüceyrəsiz göy öskürək peyvəndindən istifadə olunur.
Bəzi valideynlər uşağın xəstəliyi keçirərək immunitet qazanmasının daha faydalı olduğunu düşünürlər. Halbuki difteriya və tetanus kimi xəstəliklərdən sonra immunitet yaranmır. Göy öskürək xəstəliyi keçirildikdə belə xəstəxana müalicəsi, antibiotik istifadəsi və ağırlaşmalar qaçılmaz olur, qazanılan immunitet isə qısa müddətlidir. İmmunitet yaradan digər bir çox xəstəliklər isə həyati təhlükə və ciddi fəsadlarla müşayiət olunur. Buna görə pediatrlar uşaqların qorunmasının ən effektiv yolunun peyvəndlər olduğunu xüsusilə vurğulayırlar".
Nuriyyə NATİQQIZI