"Düzgün aparılmayan prosedurlardan sonra infeksiya riski artır" - Stomatoloq

Stomatoloji prosedurlar arasında ən çox rast gəlinənlərdən biri dişə qapaq qoyulmasıdır. Bu proses həm estetik, həm də funksional baxımdan vacibdir.
Bəs prosedur zamanı gigiyena qaydalarına əməl edilməməsi hansı problemləri yaradır?
Redaktor.az-a danışan stomatoloq İdris Rəhimli bildirdi ki, dişə qapaq qoyulması zamanı gigiyenik qaydalara əməl edilməməsi gələcəkdə çox ciddi fəsadlara yol aça bilər.
Steril olmayan alətlərdən və düzgün aparılmayan prosedurlardan sonra infeksiya riski artır, ağızda xoşagəlməz qoxu, diş ətində şişkinlik, hətta qapağın altında kariyes və ya iltihab əmələ gələ bilər.
Hər bir prosedurdan əvvəl istifadə olunan alətlərin tam steril olması çox vacibdir. Frezlərdən tutmuş ölçü qaşıqlarına qədər hər şey avtoklavda sterilizasiya edilməli, birdəfəlik materiallar isə yalnız pasiyentin gözü qarşısında açılmalıdır. Bu, həm həkimin peşəkar yanaşmasının, həm də pasiyentin təhlükəsizliyinin əsas göstəricisidir.
Müsahibimiz vurğuladı ki, qapaq qoyulmazdan əvvəl ağız boşluğu tam müayinə olunmalı, əgər dişlərdə kariyes, kök uclarında hər hansı iltihab və ya diş əti problemləri varsa, mütləq əvvəlcə onlar müalicə edilməlidir:
"Çünki bu problemlər aradan qaldırılmadan qapaq qoyularsa, gələcəkdə həmin nahiyədə daha ağır fəsadlar yarana bilər. Pasiyentlər də bu prosesdə diqqətli olmalıdır. Həkimin birdəfəlik əlcək və maskanı steril paketdən istifadə etməsini müşahidə etmək, təmizlik və təhlükəsizlik baxımından vacibdir. Qapaq qoyulduqdan sonra isə ağızda xoşagəlməz qoxu, şişlik, qanama və ya davamlı ağrı hiss edilərsə, bunu gözardı etmək olmaz və dərhal stomatoloqa müraciət etmək lazımdır.
Qapaq qoyulduqdan sonra düzgün qulluq da böyük rol oynayır. Müntəzəm olaraq dişlərin fırçalanması, diş ipindən və ağız yaxalayıcılardan istifadə edilməlidir. Eyni zamanda hər altı aydan bir müayinəyə gəlmək qapağın uzunömürlü və sağlam qalması üçün mühüm şərtdir.
Unutmayaq ki, dişlər yalnız estetik baxımdan deyil, ümumi sağlamlığımız üçün də çox önəmlidir. Ona görə də stomatoloji prosedurlar zamanı gigiyenaya diqqət göstərmək həm həkimin, həm də pasiyentin üzərinə düşən ortaq məsuliyyətdir".
Aytəkin TOFİQQIZI