Uşaqların qazlı su içməsi təhlükəldirmi? - Pediatr AÇIQLADI

Uşaqların sağlam böyüməsi üçün onların qidalanmasına xüsusi diqqət yetirmək vacibdir. Təəssüf ki, son illərdə qazlı içkilərin uşaqlar arasında istifadəsi artıb.
Bəs uşaqların qazlı su içməsi hansı fəsadları yaradır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Azərbaycan Pediatriya cəmiyyətinin həqiqi üzvü, 5 Saylı uşaq Poliklinikasının Pediatriyasının Şöbə müdiri Eyniyeva Mahirə Tahir qızı bildirdi ki, valdeynlər övladlarını 7 yaşa qədər qazlı və şirin içkilərdən uzaq saxlasınlar.
"Qazlı içkilər mədə-bağırsaq traktının qıcıqlanmasına, şəkər balansının pozulmasına, hətta dayaq-hərəkət sisteminə, skeletin zədələnməsinə və sümüklərin əriməsinə qədər aparan zərərli qida məhsullarıdır".
Müsahibimiz qazlı suların tərkibi haqqında da məlumat verdi:
"Onların tərkibində həll olunmuş karbon qazı olduğuna görə içkiyə xarakterik qabarcıqlar və turşməzə dad verir. Bu isə mədə-bağırsaq sistemini qıcıqlandırır. Qıcıqlanma nəticəsində qastrit, reflüks kimi problemlər yarana bilər. Reflüks və qastriti olan uşaqlarda isə vəziyyəti daha da ağırlaşdıraraq digər xəstəliklərə yol aça bilər.
Xüsusilə diqqət yetirmək lazımdır ki, payız aylarında uşaqların immuniteti zəifləyir. Soyuqdəymə mövsümündən əvvəl mədə-bağırsaq traktının qıcıqlandırılmamasını tövsiyə edirəm. Valideynlərə məsləhət görürəm ki, övladlarına qazsız sular versinlər. Qazsız suların tərkibi neytraldır və mədə-bağırsaq sisteminə heç bir zərər vermir".