"Tozlu hava şəraiti allergik və astmatik xəstələr üçün risk daşıyır" - Pulmonoloq

 17:52 25.08.2025     131

"Hazırkı tozlu hava şəraiti allergik rinit və bronxial astma xəstələri üçün xüsusi diqqət tələb edir. Bu tip hava şəraitində astma krizlərinin tezliyi arta bilər, xüsusilə nəfəs darlığı və öskürək kimi simptomlar daha da güclənə bilər. Bundan əlavə, gözlərdə yanma, yaşarma və burunda axıntı kimi allergik əlamətlər müşahidə oluna bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında pulmonoloq Aynur Məmmədova tozlu havanın insan sağlamlığı üçün yaratdığı təhlükədən danışarkən bildirdi.

"Tozlu havalarda insanların açıq havada qalması çətinlik yarada bilər, lakin günün ikinci yarısı, əgər mümkün olsa, qısa və planlı yürüşlər üçün daha münasib hesab edilir. Tozlu və dumanlı hava şəraitində evdə qalmaq və mümkün qədər havada uzun müddət olmamaq tövsiyə olunur. Bronxial astma xəstələrində simptomların artması ilə əlaqədar dərman dozasının tənzimlənməsi lazım ola bilər. Xüsusilə steroid tərkibli burun spreyinin istifadə edilməsi əhəmiyyətlidir. Bununla yanaşı, bronxial astma üçün nəzərdə tutulan inhalyator və digər dərman vasitələrinin vaxtında və düzgün istifadəsi xəstəliyin ağırlaşmasının qarşısını almağa kömək edəcəkdir. Qeyd etmək lazımdır ki, belə hava şəraiti allergik və astmatik xəstələr üçün müəyyən risk daşıyır, ona görə də profilaktik tədbirlərin görülməsi və tibbi göstərişlərin ciddi şəkildə yerinə yetirilməsi olduqca vacibdir", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən