Hisə verilmiş ət və kolbasa məhsullarının həddindən artıq qəbulunun zərərləri

Kardioloq İrina Tarasova xəbərdarlıq edib ki, geniş yayılmış bəzi içki və qidalar ürək-damar sisteminə mənfi təsir göstərə bilər.
Redaktor.az xəbər verir ki, mütəxəssis aif.ru-ya açıqlamasında xüsusilə hipertoniyadan əziyyət çəkən insanların ehtiyatlı olmasının vacibliyini vurğulayıb.
Tarasovanın sözlərinə görə, güclü çay, qəhvə və enerji içkiləri yüksək kofein miqdarı ilə damar tonusunu artırır, ürək döyüntüsünü gücləndirir və təzyiqin kəskin yüksəlməsinə səbəb ola bilər. Bu, xüsusilə hipertoniya və taxikardiya meyli olan şəxslər üçün təhlükəlidir.
Həkim əlavə edib ki, hisə verilmiş ət və kolbasa məhsullarının həddindən artıq qəbulu da sağlamlığa ciddi zərər vurur. Bu məhsullar çoxlu duz və doymuş yağ ehtiva etdiyi üçün aterosklerozun inkişafına səbəb olur, damarların elastikliyini zəiflədir və onları təzyiq dəyişikliklərinə qarşı həssas edir.
Tarasova həmçinin alkoqolun da riskli olduğunu qeyd edib. Onun sözlərinə görə, spirtli içkilər qəbul edildikdən sonra əvvəlcə damarlar genişlənir, lakin bir neçə saat sonra kəskin şəkildə daralır. Müntəzəm istifadə isə qan təzyiqinin xroniki artmasına və hipertansif böhran riskinə gətirib çıxara bilər.
Aytəkin TOFİQQIZI