Çiy ət və ət məhsulları yeməyin hansı təhlükələri var? - Ekspert AÇIQLADI

Bəzən çiy ət və ya çiy balıq yeyən insanlarla qarşılaşırıq. Onların bir qismi bunu xarici mətbəxlərdən gələn dəb, digərləri isə sağlamlıq və fayda bəhanəsi ilə edir.
Bəs bunun hansı təhlükələri var?
Qida eksperti İlkin Şirinov Redaktor.az-a açıqlamasında bildirdi ki, insanların təhlükəsiz qidalanmasının başlıca şərtlərindən biri yeməklərin düzgün bişirilməsi, düzgün saxlanma qaydalarına riayət olunması, yemək hazırlanan xammalın doğru şəraitdə saxlanması, soyuq qida zəncirinə əməl edilməsi və onlardan istifadə qaydalarının düzgün olmasıdır.
"İnsanlar istər ev mətbəxində, istərsə də kafe və restoranlarda çiy ət, eyniylə ət məhsullarından istifadə edərkən, onlardan yemək hazırlayarkən istifadə etdikləri alətləri tam şəkildə yuyub təmizləməli, dezinfeksiyaedici məhlullardan istifadə etməli, gigiyenaya riayət etməlidirlər. Bu, insanların sağlamlığının qorunmasına təminat verir".
Müsahibimizin sözlərinə görə, bəzi hallarda digər mətbəxlərin adət və ənənələrinin milli mətbəximizə gətirilməsi heç də birmənalı qarşılanmır:
"Milli mətbəx ənənələrimizə uyğun deyil. Bu gün çiy ət və çiy balıq yeməkdən danışılır. Halbuki çiy ət və çiy balığın insan sağlamlığına ciddi zərərləri nəzərə alınarkən, onların “faydalarından” danışmaq qeyri-mümkündür. Burada yalnız insan bədəninə keçə biləcək parazitlərdən və zəhərlənmə riskindən danışmaq olar. Çiy balıqda Anisakis adlı parazit, eyni zamanda lent qurdları mövcud ola bilər. Ətdə isə Toxoplasma gondii adlı parazit olur ki, insan orqanizminə keçdikdə bağırsaqlarda, mədədə, qaraciyərdə müxtəlif fəsadlara səbəb ola bilər. Həmçinin bəzi balıq parazitləri insanın mədəsinə yapışaraq birbaşa həzm sisteminin fəaliyyətinə mane olur. Bu kimi hallar insan sağlamlığı üçün ciddi risk yaradır".
Qida eksperti vurğuladı ki, çiy ət, çiy balıqdan istifadə allergik reaksiyalara, qarın ağrılarına, qızdırmaya, ürəkbulanma və digər xoşagəlməz simptomlara yol aça bilər:
"Xüsusilə hamilə qadınlar, yaşlı insanlar və xroniki xəstəlik daşıyıcıları üçün bu qidaların istifadəsi daha təhlükəlidir, ağır fəsadlara səbəb ola bilər.
Bundan başqa, çiy toyuq ətində salmonella bakteriyasının yaratdığı xəstəliklər də çox təhlükəlidir. Çiy toyuq əti düzgün saxlanmadıqda salmonella infeksiyasının qarşısını almaq mümkün olmur və bu da insan sağlamlığına ciddi zərər vurur.
Biz bu səbəbdən istehlakçılara düzgün qidalanma metodlarını izah edir, onları maarifləndirməyə çalışırıq ki, insanlar gigiyenik, təmiz olmayan yerlərdən məhsul almasınlar, qida təhlükəsizliyinə ciddi yanaşsınlar. Çiy ət və çiy balığın istifadəsini təbliğ edənlər isə birbaşa insan sağlamlığını risk altına atır. İnsanlar bilə-bilə bu qidalardan istifadə edirlərsə, deməli, öz sağlamlıqlarını təhlükəyə atmış olurlar", - deyə İlkin Şirinov əlavə etdi.
Aytəkin TOFİQQIZI