Hazır quru əriştənin hansı ziyanları var? - Ekspertdən AÇIQLAMA

Bugünkü sürətli həyat ritmi insanları daha çox vaxt aparmayan, tez hazırlanan qidalara meyl etməyə sövq edir. Xüsusilə gənclər və tələbələr arasında geniş yayılmış hazır quru yeməklər ucuzluğu və rahatlığı ilə seçilsə də, onların sağlamlıq baxımından yaratdığı risklər ciddi müzakirə mövzusudur.
Hazır quru əriştələr sağlmlığa necə təsir edir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən qida eksperti Asim Vəliyev bildirdi ki, hazır əriştələr isti su əlavə edilərək 3-5 dəqiqəyə hazır olan məhsullardır:
"Əsasən rahatlığına görə gənclər və tələbələr tərəfindən çox istifadə olunan bu məhsulların üstün cəhəti ucuz, tez və asan hazırlanmasıdır. Lakin uzunmüddətli istifadəsi sağlamlıq baxımından ciddi təhlükə yaradır. Onlar əsasən ağ undan hazırlanır. Un yüksək dərəcədə emaldan keçdiyinə görə tərkibində faydalı vitaminlər, lif və minerallar saxlanmır. Belə qidaları qəbul etdikdə tez doyma hissi yaranır, lakin qida dəyəri olduqca aşağı olur. Nəticədə orqanizm lazımi maddələri almır, vitamin və mineral çatışmazlığı formalaşır. Hazır əriştələrlə birlikdə təqdim olunan ədviyyat paketlərində isə çoxlu miqdarda duz olur. Bir porsiyanın tərkibində bəzən gündəlik norma artıq olur. Duzun həddindən çox qəbulu qan təzyiqinin yüksəlməsinə, ürək-damar sisteminin və böyrəklərin zədələnməsinə səbəb olur. İstehsal prosesində əriştə əvvəlcədən qızardılır. Bu zaman əsasən palma yağı və digər ucuz yağlardan istifadə edilir. Yüksək temperaturda dəfələrlə qızardılan yağlarda trans yağ turşuları yaranır. Trans yağlar damarların tutulmasına, xolesterin səviyyəsinin artmasına və ürək xəstəliklərinin inkişafına yol açır".
Onun sözlərinə görə, hazır ədviyyat qarışıqlarının tərkibində mononatrium qlutamat, dad gücləndiricilər, süni aromatizatorlar və konservantlar mövcuddur:
“Bu maddələr qidanın dadını artırsa da, tez-tez istifadəsi sinir sisteminə və mədə-bağırsaqların fəaliyyətinə mənfi təsir göstərir. Xüsusən uşaqlarda allergiya, diqqət pozuntusu və baş ağrılarına səbəb ola bilər. Bir porsiya hazır əriştə təxminən 400-500 kilokalori təşkil edir. Bu isə kalori baxımından yüksək, lakin qidalılıq baxımından boş enerji deməkdir. Başqa sözlə, insan toxluq hissi əldə edir, amma faydalı maddələr qəbul etmir. Uzunmüddətli istifadədə piylənmə və şəkərli diabet riski artır. Təbii, təzə hazırlanmış makaron 2-3 saat ərzində həzm olunur. Amma hazır məhsullarda çoxlu qatqı və yağ olduğuna görə həzm prosesi bəzən 8-10 saata qədər uzanır. Bu isə mədəni yükləyir və qəbizlik kimi problemlərə gətirib çıxarır”.