Fəsildən asılı olmayaraq əllərin soyuq olmasının səbəbləri - Həkim-terapevtdən AÇIQLAMA

Yayda hamı istidən qaçıb sərinlik axtarır, amma elə insanlar da var ki, havanın necə olmasından asılı olmayaraq əlləri daim soyuq qalır.
Bəs bu nəyin göstəricisidir?
Həkim-terapevt Günay Lətifova Redaktor.az-a açıqlamasında bildirdi ki, ümumiyyətlə, bəzi insanlarda fəsildən asılı olmayaraq əllər daim soyuq qalır.
"Bu, qan azlığının əlaməti ola bilər. Birinci növbədə bunu nəzərə almaq lazımdır, ikinci növbədə isə hər kəsin özünəməxsus bədən temperaturu var və bu, hətta ölkələrdən asılı olaraq da dəyişə bilər. Bizim iqlim şəraitimiz qeyri-sabit olduğu üçün, Azərbaycanda yaşayan biri üçün əllərin həddindən artıq soyuq olması normal hal hesab edilmir".
Terapevt vurğuladı ki, belə hallarda həkimə müraciət etmək və analiz vermək tövsiyə olunur:
"Çünki bunun bir neçə səbəbi ola bilər. Vizual olaraq sadəcə “sənin əllərin soyuqdur, bu diaqnozdur” demək doğru deyil. Mütləq şəkildə müayinədən keçmək lazımdır. Bu, sadəcə bir simptomdur, əsas səbəb isə mütləq müəyyən olunmalı və ondan sonra həkim tərəfindən müalicə istiqaməti təyin edilməlidir. Yəni, heç vaxt təkcə baxış və ya toxunuşla sabit diaqnoz qoymaq bu mövzuda mümkün deyil", - deyə Günay Lətifova fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI