Dərinin qocalması müxtəlif formalarda özünü göstərir

 13:30 28.08.2025     104

Dərinin qocalması hər insanda fərqli cür müşahidə olunur. Bəzilərində erkən yaşda xırda qırışlar, quruluq yaranırsa, digərlərində piqment ləkələri və ya üz dərisinin elastikliyinin azalması diqqət çəkir. Bunun əsas səbəbi yalnız yaşlanma prosesi deyil, həm də həyat tərzi, irsiyyət və hormonal faktorlarla bağlıdır.

Redaktor.az xəbər verir ki, bu haqda “İzvestiya”ya dermatokosmetoloq Yekaterina Konstantinovskaya danışıb.

Mütəxəssisin sözlərinə görə, qocalmanın bir neçə əsas tipi mövcuddur. Pastoz, xırda qırışlı, əzələvi və deformasiyalı, hər bir tip insan orqanizminin müəyyən xüsusiyyətləri ilə bağlıdır.

Pastoz tipdə dəri şişkinliyə meyilli olur. Xırda qırışlı tipdə isə dərinin quruluğu və çoxlu sayda qırış daha tez meydana çıxır. Əzələvi tip nisbətən davamlı hesab olunur. Üz daha uzun müddət gərginliyini saxlayır, lakin zamanla sərtləşir və dərin qırışlar əmələ gəlir. Deformasiyalı tip isə limfa dövranının pozulması və artıq çəki ilə bağlıdır. Bu halda dəri sallanır, üzün ovalı aydınlığını itirir.

Klassik tiplərlə yanaşı, həkimlər başqa formaları da ayırd edirlər. Onlardan biri xronoloji qocalmadır kollagen və elastin istehsalının azalması nəticəsində dəri daha quru və nazik olur, qırışlar yaranır. Fotoqocalma ultrabənövşəyi şüaların təsiri ilə baş verir və xüsusilə açıq dəriyə malik insanlarda özünü göstərir: dəri kobudlaşır, piqment ləkələri və dərin qırışlar yaranır.

Hormonal qocalma isə adətən menopauza dövründə başlayır  estrogen səviyyəsinin enməsi nəticəsində dəri elastikliyini itirir və daha tez nazikləşir.

Başqa bir forma da həyat tərzi ilə bağlı qocalmadır. Siqaret çəkmək, yuxu çatışmazlığı, daimi stress və düzgün qidalanmamaq qırışların yaranmasını sürətləndirir, dərini solğun və boz rəngli göstərir.

Ekspert vurğulayıb ki, qocalmanı tamamilə dayandırmaq mümkün deyil, lakin prosesi ləngitmək olar. Bunun üçün müntəzəm qulluq vacibdir. Yumşaq vasitələrlə təmizləmə, dəriyə nəmləndirici tətbiq etmək və günəşdən qorunmaq. Konstantinovskaya əlavə edib ki, SPF qoruyucu krem yalnız günəş radiasiyasının 3-dən yuxarı olduğu hallarda istifadə edilməlidir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən