Diş ipindən istifadə edərkən diqqətli olmaq lazımdır - Stomatoloqdan MƏSLƏHƏT

Tez-tez görürük ki, insanlar gündəlik ağız gigiyenasında diş ipindən istifadə etməyə üstünlük verirlər. Bir çoxları bunun dişlərin təmizlənməsi üçün ən doğru üsullardan biri olduğunu düşünür.
Bəs diş ipindən istifadə zərərlidirmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-stomatoloq Daşqın Kərimov bildirdi ki, diş ipindən müəyyən dərəcədə istifadə etmək olar:
"Amma diş ipindən istifadə edərkən diqqətli olmaq lazımdır. Çünki diş ipi ağız gigiyenasında faydalı vasitə olsa da, düzgün istifadə edilmədikdə müəyyən zərərlərə səbəb ola bilər. Məsələn, diş ipi ilə diş ətini zədələmək, qıcıqlandırmaq olmaz. Bu halda diş ətində qanama, şişkinlik, hətta iltihabi proseslər yarana bilər. Ona görə də çox istifadə etmək biz həkimlər tərəfindən məsləhət görülmür. Elə insanlar var ki, diş ipindən hədsiz çox istifadə edir və nəticədə diş ətlərini zədələyirlər. Bundan başqa, diş ipinin kobud hərəkətlə çəkilməsi dişlərin aralarında minanın aşınmasına da səbəb ola bilər. Xüsusilə diş əti xəstəlikləri və ya həssas diş ətinə sahib olan şəxslərin bu vərdişi diqqətlə və həkim məsləhəti ilə tətbiq etməsi vacibdir".
Nuriyyə NATİQQIZI