Yağlı qidalar üzdə sızanaq yaradır?

Yağlı qidaların istifadəsi sızanaqların yaranmasına səbəb olmur və dərinin vəziyyətinə birbaşa təsir etmir.
Redaktor.az xəbər verir ki, bu barədə dermatoloq Rozalind Simpson The Guardian-a açıqlamasında məlumat verib və aknenin səbəbləri ilə bağlı geniş yayılmış mifə aydınlıq gətirib.
Həkimin sözlərinə görə, sızanaqlar əsasən yeniyetməlik dövründə, androgen hormonlarının səviyyəsinin artması nəticəsində meydana çıxır. Bu hormon dəri vəzilərində yağ istehsalını artırır, həmin yağ isə ölü hüceyrələrlə qarışaraq məsamələri tıxayır və bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır.
Simpson əlavə edib ki, akne xarici amillərlə də bağlı ola bilər. Məsələn, stres səviyyəsi və ətraf mühitin vəziyyəti sızanaqların yaranmasına təsir göstərə bilər. Həmçinin, çoxlu miqdarda emal olunmamış şəkərin qəbulu dəridə mənfi nəticələrə gətirib çıxara bilər.
Buna baxmayaraq, dermatoloq sızanaqlardan qurtulmaq üçün xüsusi pəhrizlərə əməl etməyə çağırmır. O, qida məhdudiyyətlərini həm fiziki, həm də emosional sağlamlıq üçün təhlükəli hesab edir.
Aytəkin TOFİQQIZI