Bu halda çox vaxt dilin böyüməsi və ya şişməsi müşahidə olunur

Stomatoloq Tatyana Morozova dişlənmiş (festonlu) dilin yəni kənarlarında diş izlərini xatırladan girintilərin olması halının ciddi sistem xəstəliklərinin əlaməti ola biləcəyini bildirib.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu barədə “İzvestiya”ya açıqlama verib.
Həkimin sözlərinə görə, bu halda çox vaxt dilin böyüməsi və ya şişməsi müşahidə olunur. Dil formasının dəyişməsinin əsas səbəbi isə onun toxumalarına davamlı təzyiqdir. Buna bruksizm (dişlərin qıcırtı ilə sıxılması), dili dişlərə sıxmaq vərdişi və ya çənə oynağı patologiyaları səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, ən narahatedici səbəblər sistemli xəstəliklərdir: akromeqaliya, amiloidoz, hipotiroidizm, irsi patologiyalar (məsələn, Daun sindromu) və həzm sistemi xəstəlikləridir.
Morozovanın sözlərinə görə, belə pasiyentlər çox vaxt dil yanması, narahatlıq, udma və çeynəmə zamanı çətinlikdən şikayətlənirlər. Patologiya vaxtında müalicə olunmadıqda trofik yaraların yaranmasına və dilin iltihabına (qlossit) gətirib çıxara bilər.
Aytəkin TOFİQQIZI