"Tozlu hava Bakıda sağlamlıq üçün risk yaradır" - Terapevtdən XƏBƏRDARLIQ
Dünən axşam saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.8-2 dəfə artıqdır.
Bəs bu tozlu hava insan sağlamlığına necə təsir edir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-terapevt Şahvələd Məmmədov bildirdi ki, toz hissəcikləri xüsusilə xroniki xəstəlikləri olan insanlar üçün ciddi risk amilidir:
“Atmosferdəki toz hissəcikləri çox kiçik olduqları üçün asanlıqla ağciyərlərə daxil olur və selikli qişaları qıcıqlandırır. Bu isə tənəffüs yollarında iltihabın yaranmasına, bronxların daralmasına və nəfəs darlığına səbəb ola bilər. Astma, bronxit, allergik rinit və digər tənəffüs xəstəlikləri olan insanlarda vəziyyət daha da ağırlaşa bilər. Hətta sağlam insanlarda belə uzunmüddətli təsir öskürək, boğazda quruluq, gözlərdə yaşarma və qaşınma kimi simptomlarla müşahidə olunur”.

Mütəxəssis vurğuladı ki, təkcə tənəffüs yolları yox, həm də ürək-damar sistemi risk altındadır:
“Tozlu hava qanda oksigenin səviyyəsini aşağı sala, damarlarda spazm yarada və ürək-damar xəstələrində təzyiqin oynaqlaşmasına səbəb ola bilər. Xüsusilə ürək çatışmazlığı və hipertoniyası olan pasiyentlər üçün bu, çox təhlükəlidir. Onlarda sinə ağrısı, ürəkdöyünmə, başgicəllənmə və halsızlıq əlamətləri daha tez üzə çıxa bilər”.
Şahvələd Məmmədov vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edir:
"Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər açıq havada çox qalmamalıdır, ev və iş yerlərində pəncərələri bağlı saxlamaq, kondisionerlərdə filtrdən istifadə etmək vacibdir, çölə çıxarkən tibbi maskadan istifadə etmək, evə qayıtdıqda isə üzü, gözləri və burnu yaxşıca yumaq tövsiyə olunur. Xəstəliyi olanlar həkim təyin etdiyi dərmanlarını vaxtında qəbul etməli və hər hansı ağırlaşma olduqda dərhal həkimə müraciət etməlidirlər. Unutmayaq ki, havadakı toz sadəcə müvəqqəti narahatlıq deyil, həm də xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola biləcək ciddi amildir. Ona görə də bu günlərdə xüsusən risk qrupuna daxil olan insanlar daha diqqətli davranmalıdırlar”.
Nuriyyə NATİQQIZI













