"Ozempik" bağırsaq xərçəngi zamanı ölüm riskini azaldır
Kaliforniya Universitetinin (San-Dieqo) alimləri müəyyən ediblər ki, GLP-1 reseptor agonistləri əsasında hazırlanan arıqlama preparatları, o cümlədən “Ozempik” yoğun bağırsaq xərçəngi olan xəstələrdə ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.
Redaktor.az xəbər verir ki,Tədqiqatın nəticələri "Cancer Investigation" jurnalında dərc olunub.
Mütəxəssislər 6,8 mindən çox xəstənin tibbi tarixçəsini təhlil ediblər və onların qəbul etdiyi dərmanların təsirini müqayisə ediblər. Beş il ərzində GLP-1 preparatları qəbul edən xəstələr arasında ölüm göstəricisi 15,5% təşkil edib. Bu rəqəm həmin dərmanları qəbul etməyən qrupda 37,1% olub. Yaş, bədən kütlə indeksi və xəstəliyin mərhələsi nəzərə alınsa belə, müsbət effekt sabit qalıb.
Ən güclü nəticə artıq çəkili xəstələrdə müşahidə olunub. Alimlərin fikrincə, “Ozempik” kimi preparatlar bədəndəki iltihabi və maddələr mübadiləsi pozuntularını kompensasiya edərək, xərçəngin gedişatını yüngülləşdirə bilər.
Tədqiqatçılar hesab edirlər ki, GLP-1 agonistləri təkcə şəkər və çəkiyə nəzarəti tənzimləmir, həm də iltihabı azaldır, insulinə həssaslığı artırır və ehtimal ki, şiş hüceyrələrinin böyüməsini ləngidir. Bununla belə, alimlər bu nəticələrin klinik sınaqlarla təsdiqlənməsinin vacibliyini vurğulayıblar.
Nuriyyə NATİQQIZI













