"Arıqlama çayları xərçəng hüceyrələrini aktivləşdirir, sonsuzluq yaradır" - Dietoloqdan XƏBƏRDARLIQ
"Hər il arıqlama preparatlarına görə neçə-neçə insanın həyatı təhlükəyə düşür. Arıqlama preparatları, arıqlama çayları, xüsusilə sosial şəbəkələrdə çiçəklənən qara bir biznes sahəsidir. Bu işlə məşğul olan insanların çoxunun heç bir tibbi savadı yoxdur. Bəzi dərman şirkətləri və ya qara yolla Azərbaycana gətirilən məhsulları internet üzərindən satan şəxslər şəbəkə qururlar. Elan verirlər ki, “işlə təmin olunmaq istəyənlər müraciət etsin”, bu yolla işsiz insanlardan “dairə” yaradır və internet üzərindən satış üçün özlərinə komanda qururlar".
Bu barədə Redaktor.az-a arıqlama həbləri ilə bağlı danışan həkim-dietoloq Ləman Süleymanova bildirdi. Onun sözlərinə görə, heç bir tibbi bilikləri olmayan sadə evdar xanımlar, müəllimlər və digər peşə sahibləri sosial şəbəkələrdə saxta profillər yaradaraq “dietoloq filankəs” adı ilə çıxış edirlər:
"Onlar insanları cəlb edir, internet üzərindən yalançı, ucuz “diet marafonları” təşkil edirlər. Həmin marafonların müəyyən günlərində isə arıqladıcı həbləri, zəhərli çayları, kokteylləri satışa çıxarırlar. Bunların hamısı insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu kimi dərmanların, arıqladıcı kokteyllərin və çayların tərkibində narkotik tipli maddələr olur. Onlar birbaşa karsinogen xassəyə malikdir, yəni xərçəng hüceyrələrini aktivləşdirir. Bundan əlavə, qaraciyərə, mədəaltı vəzə ağır ziyan vurur, ginekoloji problemlərə səbəb olur, qızlarda və oğlanlarda sonsuzluq yarada bilir. Belə preparatlardan istifadə edən xüsusilə gənclər həyatlarını itirirlər".
Müsahibimiz illər əvvəl baş verən bir hadisəni də qeyd etdi:
"Televiziya kanallarından birində çıxışım zamanı bir xanım zəng edib bildirmişdi ki, övladına arıqladıcı kokteyl içirdiblər. Uşağın vəziyyəti ağır idi və yaxşılaşandan sonra mənə müraciət edəcəyini demişdi. Lakin bir müddət sonra həmin xanım yenidən zəng etdi və qəmli səslə övladının dünyasını dəyişdiyini söylədi. Təəssüf ki, belə hallar hələ də baş verir və insanlar yenə də bu preparatlardan istifadə etməkdə davam edirlər. Ona görə də bu kimi dərmanların və preparatların satışı qəti qadağan olunmalıdır. Qətiyyən icazə verilməməlidir".
Nuriyyə NATİQQIZI













