Onkoloqdan qaynar yemək və çay sevənlərə xəbərdarlıq: Qida borusu xərçəngi yaradır
Son illər müşahidələr göstərir ki, xərçəng xəstəlikləri dünya üzrə sürətlə yayılmaqdadır. Yayılma dinamikasında artım göstərən növlərdən biri də qida borusu xərçəngidir.
Bəs qida borusu xərçəngi hansı səbəbdən yaranır?
Mövzu ilə bağlı həkim-onkoloq Afət Cabbarova Redaktor.az-a açıqlamasında bildirdi ki, çox isti və qaynar qidaların tez-tez qəbul edilməsi qida borusu xərçəngi üçün mühüm risk amillərindən biridir.

"Bu faktor xəstəliyin mütləq şəkildə yaranmasına səbəb olmasa da, uzunmüddətli zədələnmə fonunda riski ciddi şəkildə artırır. Yüksək temperaturda qəbul olunan qidalar qida borusunun selikli qişasında davamlı istilik travması yaradır. Bu, toxumaların xroniki iltihabına, hüceyrə yenilənməsində pozuntuya və zamanla mutasiya riskinin yüksəlməsinə səbəb olur. 60-65°C-dən yuxarı temperaturda içkilər və yeməklər, xüsusilə çay və şorbalar qida borusu xərçənginin inkişaf ehtimalını artırır. Vətəndaşlar isti qidaları qəbul etməzdən əvvəl bir qədər soyutmağı, “ağzı yandıracaq dərəcədə” qidalardan isə uzaq durmağı tövsiyə edirəm. Bu, həm xərçəng riskinin azalmasına, həm də ümumi qida borusu sağlamlığının qorunmasına kömək edir", - deyə həkim vurğuladı.
Nuriyyə NATİQQIZI













