“Stres bütün xəstəliklərin başlanğıc səbəbi ola bilər” - Nevroloq

 17:49 24.11.2025     5758

Müasir dövrdə uşaqdan böyüyə qədər hər kəsdə əsəb, gərginlik və psixoloji yüklənmə artmaqdadır. Günlük qayğılar, sosial və iqtisadi təzyiqlər, informasiya bolluğu və həyat ritminin sürətlənməsi insanların sinir sisteminə ciddi təsir göstərir.

Bəs əsəb hansı xəstəliklərə yol açır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında həkim-nevroloq Rəna Abbasova bildirdi ki, ümumiyyətlə, əsəb xəstəlikləri demək olar ki, əksər xəstəliklərə yol aça bilir.

"Bəzən xəstə hansısa bir şikayətlə, məsələn, mədə-bağırsaq pozulması, kəskin baş agrısı, döş qəfəsində olan kəskin agrı, boğulma hissi yuxunun pozulması və s. şikayətləri ilə müraciət edir. Soruşanda ki, bu hallar nə vaxtdan başlayıb, deyir ki, “çox böyük bir stres keçirdim, bu vaxta qədər heç nə yox idi, stresdən sonra bu problemlər yarandı”. Uzun müddətli baş ağrıları, yüksək arteriyal təzyiq, şəkərli diabet, mədə xorası və s. əksər hallarda stres fonunda baş verir. Və vaxtında həkimə müraciət olunmazsa, ağır fəsadlara səbəb ola bilər. Əsəb, əsəbi gərginlik və narahatçılıq daim olduğu halda xroniki baş ağrılarına səbəb ola bilir. Yuxu pozulmaları da əlavə olaraq mühüm rol oynayır. Belə ki, xəstədə yuxu pozuntuları varsa, məlumdur ki, bu, kortizol səviyyəsini artırır. Kortizol hormonu isə stres hormonudur və bu vəziyyət ikincili olaraq stresin daha da dərinləşməsinə səbəb olur. Xəstə daim dərmanlardan asılı vəziyyətə düşür, psixi pozulmalara qədər gedib çata bilir. Həyat keyfiyyəti zəifləyir, insan heç nədən zövq almır, ağır depressiyalara və psixi pozulmalara səbəb olur", - deyə həkim qeyd etdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən