Yuxu apnoesi Parkinson riskini iki dəfə artırır

 17:08 25.11.2025     331

ABŞ-nin Oregon Səhiyyə və Elm Universitetinin alimləri müəyyən ediblər ki, müalicə olunmayan yuxu apnoesi Parkinson xəstəliyinin inkişaf riskini demək olar ki, iki dəfə artırır.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "JAMA Neurology" jurnalında dərc olunub.

Yuxu apnoesi yuxu zamanı nəfəsin müvəqqəti dayanması ilə xarakterizə olunur. Bu dayanma 10 saniyədən çox davam edə və gecə ərzində onlarla, hətta yüzlərlə dəfə təkrarlana bilər. Bu isə qanın oksigenlə doyma səviyyəsinin (saturasiyanın) azalmasına səbəb olur. Əvvəlki araşdırmalar apnoe ilə ürək-damar xəstəlikləri arasında əlaqə olduğunu təsdiqləmişdi.

Tədqiqatçılar sağlamlıq risklərini daha dəqiq müəyyənləşdirmək üçün 1999–2022-ci illər arasında 11 milyondan çox amerikalının elektron tibbi qeydiyyatlarını təhlil ediblər. Məlum olub ki, yuxu zamanı tənəffüsü dəstəkləməyə kömək edən CPAP cihazından müntəzəm istifadə neyrodegenerativ xəstəliklərin, o cümlədən Parkinsonun yaranma ehtimalını xeyli azaldır.

Alimlər qeyd edirlər ki, artıq çəki, hipertoniya və yaş kimi amillər nəzərə alınsa belə, yuxu apnoesi ilə Parkinson riski arasındakı əlaqə əhəmiyyətli olaraq qalır. Onların sözlərinə görə, yuxu zamanı təkrarlanan oksigen çatışmazlığı epizodları zamanla neyronlara zərər verə və onların yaşlanmaya qarşı həssaslığını artıra bilər.

Mütəxəssislər bildirirlər ki, CPAP təkcə yuxu keyfiyyətini yaxşılaşdırmır və gündüz yorğunluğunu azaldır, həm də beynin qorunmasında mühüm rol oynaya bilər. Bir çox pasiyentlər terapiyaya başladıqdan sonra özlərini daha yaxşı hiss etdiklərini deyirlər. İndi isə bu müsbət təsirlərə Parkinson xəstəliyi riskinin azalması imkanının da əlavə olunduğu bildirilir.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən