Həddindən artıq zülal qəbulu bu problemləri YARADIR
Həddindən artıq zülal qəbulu su-duz balansının pozulmasına, böyrəklərin yüklənməsinə və həzm sistemi ilə bağlı ciddi problemlərə səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bunu nutrisioloq Yuliya Orlova lenta.ru-ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, zülal məsələsində “çox demək yaxşı demək deyil”.
“Zülalın həddindən artıq qəbulu - yəni bədən çəkisinin hər kiloqramına 2,5–3 qramdan çox - əlavə fayda vermir və bir sıra problemlər yarada bilər. Məsələn, böyrəklərin yüklənməsi: artıq azot sidiklə xaric olunur və bu da ifrazat orqanlarına əlavə yük salır”, - deyə o qeyd edib.
Orlovanın sözlərinə görə, zülalın normadan çox istifadəsinin başqa bir təhlükəsi su-duz balansının pozulmasıdır. O izah edib ki, zülalın parçalanması zamanı yaranan karbamidin xaric edilməsi üçün çox su tələb olunur. Bu səbəbdən zülal yönümlü pəhriz saxlayanlara daim bol su içmək, mədə turşuluğuna və öd axınına nəzarət etmək tövsiyə olunur.
Ekspert həmçinin bildirib ki, pəhrizin zülal hesabına balanssızlaşması digər qida maddələrinin - lif, vitaminlər və mürəkkəb karbohidratların çatışmazlığına gətirib çıxara bilər. Bu isə, xüsusilə kifayət qədər su və lif olmadıqda, həzm problemləri - köp, qəbizlik, qaz kimi şikayətlər yarada bilər. Bundan əlavə, yağlı ət məhsullarının çox qəbul edilməsi xolesterinin yüksəlməsi ilə də əlaqələndirilir.
Aytəkin TOFİQQIZI













