Zehni açan 3 qoxu: Kafeinsiz enerji və diqqət artırmağın təbii yolu

 23:31 04.12.2025     2350

Yeni araşdırmalar göstərir ki, bəzi təbii qoxuların sadəcə bir neçə dəqiqə içə-çəkmə yolu ilə qəbulu belə yaddaşı, diqqəti və ümumi zehni enerjini artırır. Xüsusilə kafeinin yüksək təzyiqi artırması, hamilələr üçün risk yaratması və digər yan təsirləri nəzərə alınanda, qoxu terapiyası daha təhlükəsiz alternativ kimi ön plana çıxır.

Redaktor.az "New York Post"a istinadən xəbər verir ki, mütəxəssislər ən güclü təsir göstərən üç qoxunu fərqləndirir:

Limon otu — Araşdırmalar limon otu efir yağının qısa müddətdə hafizəni və diqqət qabiliyyətini yaxşılaşdırdığını, həmçinin sakitləşdirici təsir göstərərək oyanıqlığı artırdığını göstərir. Eyni zamanda qan təzyiqini və ürək döyüntüsünü tənzimləməsi ilə stress və həyəcanı azaldır.

Nanə — Nanə qoxusu beyni aktivləşdirir, zehni aydınlığı artırır və yaddaşı gücləndirir. Tədqiqatlara görə, nanə həm gərginliyi azaldır, həm də emosional balansı yaxşılaşdırır. Hətta bəzi araşdırmalarda aqressiv davranışları azaltdığı müəyyən edilib.

Bibəriyə — Antik dövrlərdən bəri hafizə bitkisi kimi tanınan bibəriyə müasir elmi araşdırmalarda da yaddaş və konsentrasiyanı artırdığı təsdiqlənib. Əsas aktiv maddəsi olan karnosik turşu beynin hüceyrələrini qoruyur və neyroprotektiv təsir göstərir. Bibəriyə həmçinin saçların uzanmasını və sağlamlığını dəstəkləməsi ilə tanınır.

Bu üç qoxu təbii, yan təsirsiz və qısa müddətdə effekt verdiyi üçün gündəlik həyatda zehni enerjini artırmaq, stressi azaltmaq və diqqəti gücləndirmək üçün ideal vasitə hesab olunur. Kafeini azaltmaq istəyənlər, hamilələr və hipertoniya xəstələri üçün xüsusilə faydalı alternativdir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən