Təbi üsullarla immuniteti necə artıraq? - Həkimdən MƏSLƏHƏTLƏR
"İmmun sistemini gücləndirmək üçün evdə bir sıra sadə, təbii üsullardan istifadə etmək mümkündür".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirdi.
Onun sözlərinə görə, ilk növbədə qidalanmaya diqqət yetirmək vacibdir:
"Mövsümi meyvə və tərəvəzlərdən, xüsusilə C vitamini ilə zəngin sitrus meyvələri və itburnu dəmləməsindən bol istifadə etmək tövsiyə olunur. Bundan əlavə, sarımsaq və soğanın təbii antibiotik xüsusiyyətləri immuniteti dəstəkləyir. Bal kimi arı məhsulları da bədənin müqavimətini artırmaq üçün faydalıdır. Bu vasitələr köməkçi xarakter daşıyır və ciddi immun çatışmazlığı varsa, mütləq həkim müayinəsi və laborator analizlər vacibdir. Eyni zamanda, ev şəraitində fiziki aktivliyi qorumaq, otağın havasını tez-tez dəyişmək, stresdən uzaq durmaq və düzgün yuxu rejimini təmin etmək immun sisteminin qorunmasında mühüm rol oynayır. Bu addımlar kompleks şəkildə tətbiq edildikdə, immunitetin güclənməsinə əhəmiyyətli dəstək verir".
Nuriyyə NATİQQIZI













