"Xaricdən gətirilən meyvə-tərəvəzlərin qəbulu risklidir" - Mütəxəssis AÇIQLADI

 19:25 12.01.2026     683

Hazırda bazarlara getdikdə meyvələrin bir-birindən rəngarəng, gözoxşayan görnüşü diqqəti cəlb edir.

Bəs gözlərimizə estetik zövq bəxş edən bu meyvələr sağlamlığımıza necə təsir göstərir? Hələ də meyvələri vitamin deposu kimi istifadə etmək olarmı?

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Redaktor.az-a bildirdi ki, meyvə-tərəvəzlər sağlam qidalanmanın ən vacib qida məhsullarından hesab olunsa da, düzgün seçim edilmədikdə bu qidalar sağlamlıq üçün fayda deyil, əksinə zərər verə bilər:

"Çünki bu gün bazarlarda bütün mövsümlərə aid meyvə və tərəvəzləri ilin istənilən vaxtında görmək mümkündür. Üstəlik, onların rəngarəng görünüşü, formasının gözəlliyi, sanki hamısının bir qəlibdən çıxmış kimi olması heç də sağlam olduqları anlamına gəlmir. Bəzən məhz bu cür ideal görünüş insanları aldadır və alıcılar daha çox zahiri görünüşü cəlbedici olan meyvə-tərəvəzlərə üstünlük verirlər. Lakin nəzərə almaq lazımdır ki, mövsümündə olmayan və yerli istehsal olmayan meyvə-tərəvəzlərin yetişdirilməsi zamanı nitratlardan və kimyəvi gübrələrdən istifadə edilməsi insan orqanizmində müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Bundan başqa, xarici ölkələrdən gətirilən meyvə-tərəvəzlər çox zaman yetişməmiş halda yığılır və uzun müddət saxlanılması üçün onların səthinə müxtəlif kimyəvi maddələr çəkilir, yaxud mumlama və parafinləmə üsullarından istifadə olunur. Bu cür maddələr yaxşı yuyulmadıqda həzm sisteminə əlavə yük yarada, daxili orqanların funksiyasının pozulmasına gətirib çıxara bilər. Ona görə də daha məqsədəuyğundur ki, hər zaman yerli, mövsümündə olan və təbii şəkildə yetişdirilən meyvə-tərəvəzlərə üstünlük verilsin".

Mütəxəssisin sözlərinə görə, həddindən artıq gözəl, ideal formada və ölçüdə olan məhsulları seçərkən diqqətli olmaq vacibdir.

"Çünki bu görünüş bəzən məhsulun təbii sort xüsusiyyəti deyil, müxtəlif müdaxilələrin nəticəsi ola bilər. Eyni zamanda meyvə-tərəvəzlərin mütləq şəkildə yaxşı yuyulmasına diqqət yetirilməlidir. Təbii məhsullar qabığı ilə birlikdə istehlak edilə bilər. Mövsümündə olmayan və təbii olmayan məhsullarda isə qabıqların soyulması daha məqsədəuyğundur ki, bu da mümkün riskləri müəyyən qədər azalda bilər. Xüsusilə uşaqlar, xroniki xəstəliyi olanlar, allergiyaya meyilli şəxslər, immun sistemi zəif olanlar və yaşlı insanlar üçün mövsümündə olmayan, xaricdən gətirilən meyvə-tərəvəzlərin qəbulu daha risklidir. Bu səbəbdən həmin qrupların bu məsələdə daha diqqətli olması sağlamlıq baxımından faydalı və təhlükəsiz hesab olunur", - deyə Məhsəti Hüseynova yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən