"Qan azlığı yaddaş zəifləməsinə səbəb ola bilər" - AÇIQLAMA

 15:23 14.01.2026     541

"Qan azlığı təkcə halsızlıq və yorğunluqla deyil, eyni zamanda yaddaş və diqqət problemləri ilə də özünü göstərə bilər".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov bildirdi.

Mütəxəssisin sözlərinə görə, qan azlığı adətən hemoqlobin və ya eritrosit çatışmazlığı zamanı yaranır:

"Hemoqlobin qanda oksigeni daşıyan əsas maddədir və onun azalması orqanizmdə oksigen çatışmazlığına səbəb olur. Oksigen azlığı isə toxumaların, xüsusilə də beyin hüceyrələrinin qidalanmasını zəiflədir. Bu zaman insan özünü halsız, yorğun hiss edir, diqqətini toplamaqda çətinlik çəkir və yaddaş zəifləyə bilər. Beyin hüceyrələri lazımi qədər oksigen almadıqda, konsentrasiya azalır və unutqanlıq yaranır. Bununla belə, bütün yaddaş problemlərinin səbəbi yalnız qan azlığı deyil. Yaddaş zəifləməsi qalxanvari vəz xəstəlikləri, sinir sistemi problemləri, stres, depressiya və digər amillərlə də bağlı ola bilər".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən