Rəngin solubsa, qanın azdır? - Həkimdən AÇIQLAMA
"Üzün ağarması və ya rəngin avazıması cəmiyyətdə çox zaman avtomatik olaraq “qan azlığı” kimi qiymətləndirilir. Lakin bu yanaşma hər zaman düzgün deyil".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov bildirdi.
Həkimlərin sözlərinə görə, təcrübəli mütəxəssislər ağbəniz və solğun görünüşlü insanları gördükdə ilk növbədə qan azlığından şübhələnə bilərlər:
"Lakin bu, birmənalı olaraq həmin şəxsə qanazlığı diaqnozu qoymaq anlamına gəlmir. Qan azlığı yalnız laborator analizlərlə təsdiqlənə bilər. Müayinə zamanı həkimlər üz dərisinə, selikli qişalara, gözlərə və dodaqlara diqqət yetirirlər. Əgər bu nahiyələrdə solğunluq müşahidə olunursa, qan azlığı ehtimalı arta bilər. Amma bu əlamətlər təkbaşına diaqnoz üçün kifayət deyil. Üz dərisinin solğunluğu allergiya, sinus və burun ciblərindəki iltihablar, qalxanvari vəz xəstəlikləri, eləcə də digər daxili xəstəliklər və hətta işıq effekti kimi sadə səbəblərlə də bağlı ola bilər. Əgər insanda baş gicəllənmə, ürəkbulanma, ayağa qalxarkən baş dönməsi, mütəmadi baş ağrıları kimi şikayətlər yoxdursa və yalnız üz rəngində solğunluq müşahidə olunursa, bu, hər zaman qan azlığı demək deyil. Belə hallarda insanın genetik olaraq ağbəniz olması da nəzərə alınmalıdır".
Nuriyyə NATİQQIZI













