Alimlər ilk dəfə vətər xəstəliklərinin səbəbini müəyyən ediblər
İsveçrədəki tədqiqatçılar tendon xəstəliklərinin əsas molekulyar “sürücüsü”nü – HIF1 zülalını aşkarlayıblar.
Redaktor.az xəbər verir ki, bu nəticə Science Translational Medicine jurnalında dərc olunub.
Araşdırmada qeyd olunur ki, topuq arxası (Aşill) tendonu ağrıları, “tennisçi dirsəyi”, “üzgüçü çiyinləri” və “skokçu dizləri” kimi vəziyyətlər yalnız peşəkar idmançılara deyil, aktiv həyat tərzi keçirən insanlara da tanışdır. Bütün bu hallar tendonların həddindən artıq yüklənməsi ilə əlaqədardır və güclü ağrı ilə müşayiət olunur.
Tədqiqatçılar əvvəlcə HIF1 zülalının zədələnmiş tendonlarda səviyyəsinin yüksək olduğunu bilirdilər, lakin bunun xəstəliyin səbəbi yoxsa nəticəsi olub-olmaması məlum deyildi. Siçanlar üzərində və insan tendon hüceyrələrində aparılan təcrübələr göstərdi ki, məhz HIF1 patologiyanı işə salır.
Eksperimentlərdə HIF1 daimi aktivləşdirildikdə tendon xəstəlikləri hətta yüklənmə olmadan da inkişaf edirdi. Əksinə, HIF1 deaktiv olduqda intensiv yüklənmələrdə belə xəstəlik yaranmırdı. İnsan hüceyrələrində aparılan tədqiqat isə göstərdi ki, HIF1 səviyyəsinin yüksəlməsi tendonun strukturunu dəyişdirir: kollagen liflərində transversal bağlar artır, tendon sərtləşir və qırılmağa daha meylli olur. Bundan əlavə, toxumaya damarlar və sinir lifləri çıxır ki, bu da güclü ağrını izah edir.
İsveçrəli professor Yess Snedeker vurğulayıb ki, erkən müalicə xüsusilə gənc idmançılar üçün həyati əhəmiyyət daşıyır. HIF1 səbəb olduğu zədələr zamanla toplanır və geri dönməz ola bilər; belə hallarda yalnız cərrahi müdaxilə effektivdir.
Alimlər hesab edirlər ki, gələcəkdə HIF1-in spesifik olaraq tendon toxumasına təsir edən molekullarının tapılması daha təhlükəsiz və dəqiq müalicə üsullarının yaradılmasına imkan verəcək.
Nuriyyə NATİQQIZI













