Tez-tez antibiotik qəbulu gizli təhlükə yarada bilər

 16:25 15.01.2026     675

Alimlər müəyyən ediblər ki, antibiotiklərin həddindən artıq və tez-tez qəbulu narahatlıq pozuntuları və əhval dəyişiklikləri riskini artıra bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Tibb Universitetinin Çuntsin klinikasında aparılan tədqiqatın nəticələri "Molecular Psychiatry" jurnalında dərc olunub.

Araşdırmalar zamanı siçanlar üzərində aparılan eksperimentlər göstərib ki, antibiotiklər bağırsaq mikrobiotasının tərkibini kəskin şəkildə pozur. Bu proses emosiyaların və davranışın tənzimlənməsində mühüm rol oynayan neyromediator asetilxolinin səviyyəsinin azalması ilə müşayiət olunur. Nəticədə heyvanlarda açıq-aşkar narahatlıq əlamətləri müşahidə edilib ki, bu da “bağırsaq-beyin” oxunun fəaliyyətində pozuntuların baş verdiyini göstərir.

Oxşar təsirlər insanlarda da qeydə alınıb. Yaxın zamanda antibiotik qəbulunu başa vuran şəxslərdə narahatlıq səviyyəsi bu dərmanlardan istifadə etməyənlərlə müqayisədə daha yüksək olub. Eyni zamanda, onların qanında və bağırsağında asetilxolinin konsentrasiyasının azalması müşahidə edilib. Xüsusilə Bacteroides cinsinə aid bakteriyaların sayının azalması bu dəyişiklikləri daha qabarıq şəkildə üzə çıxarıb. Alimlərin fikrincə, bu bakteriyalar psixoemosional tarazlığın qorunmasında mühüm rol oynaya bilər.

Tədqiqatçılar vurğulayırlar ki, antibiotiklərdən imtina etmək çağırışı edilmir, çünki bu preparatlar hələ də həyati əhəmiyyətli dərman vasitələridir. Lakin aparılan araşdırma onların əsasız və aqressiv istifadəsinin potensial risklərini ortaya qoyur və bu preparatların təyin edilməsində daha düşünülmüş yanaşmanın vacibliyini göstərir.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən