Mədə yarası və mədə-bağırsaq xərçəngi riskini azaldan MƏHSUL
Rasiona brokkolinin əlavə edilməsi mədə yarası ilə mübarizədə kömək edir və mədə-bağırsaq traktı (MBT) xərçənglərinin inkişaf riskini azalda bilər.
Redaktor.az xəbər verir ki, bu barədə həkim Olqa Tarasova “gazeta.ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, brokkolinin ən qiymətli tərkib hissəsi sulforafandır. Bu maddə iltihabəleyhinə təsirə malikdir və mədə-bağırsaq selikli qişasında xroniki xəstəliklərin əsasını təşkil edən zəif iltihabi proseslərin azalmasına kömək edir. Sulforafan, eyni zamanda, qaraciyərin zərərli maddələri zərərsizləşdirən fermentlərinin sintezini gücləndirərək orqanizmin “əsas filtri”nə təbii dəstək verir.
Mütəxəssis qeyd edib ki, aparılan bir sıra tədqiqatlar sulforafanın qastrit və mədə yarasının əsas səbəblərindən biri sayılan Helicobacter pylori bakteriyasının aktivliyini zəiflədə bildiyini göstərir. Bu təsir onu əsas müalicəyə əlavə vasitə kimi faydalı edir.
Bundan başqa, brokkoli bağırsaqlar üçün faydalı mikrofloranın qidalanmasında mühüm rol oynayan liflə zəngindir. Sağlam mikrobiom immun sisteminin güclənməsinə, qida maddələrinin daha yaxşı mənimsənilməsinə və bağırsaqların iltihabi xəstəliklərindən qorunmaya kömək edir. Bildirilib ki, immun hüceyrələrinin təxminən 70 faizi məhz bağırsaqlarda yerləşir.
Olqa Tarasova əlavə edib ki, brokkolidə olan antioksidantlar (C və E vitaminləri, beta-karotin), K vitamini və sulforafan mədə selikli qişasının qoruyucu baryerini möhkəmləndirir. Bu da selikli qişanı aqressiv təsirlərə qarşı daha davamlı edir. Bununla yanaşı, mütəxəssis vurğulayıb ki, artıq mövcud olan mədə yarası zamanı bu, əsas müalicəni əvəz etmir.
Həkimin sözlərinə görə, brokkoli də daxil olmaqla kələmkimilər fəsiləsindən olan tərəvəzlərin müntəzəm istifadəsi yoğun bağırsaq, mədə və qida borusu xərçənginin riskinin azalması ilə statistik olaraq əlaqələndirilir. Bu təsir hüceyrə DNT-sinin qorunması, iltihabəleyhinə mexanizmlər və zədələnmiş hüceyrələrin təbii məhvi (apoptoz) ilə izah olunur.
Mütəxəssis brokkolinin düzgün hazırlanmasının vacibliyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, tərəvəzin uzun müddət suda qaynadılması sulforafan və vitaminlərin bulyona keçməsinə səbəb olur. Daha faydalı üsul brokkolini 5–7 dəqiqə buğda bişirmək, sobada qızartmaq və ya yüksək odda qısa müddətdə qovurmaqdır.
Nuriyyə NATİQQIZI













