Xərçəngdən müalicə alanlara xəbərdarlıq: Emal olunmuş qidalar ölüm riskini artırır
Xərçəngdən müalicə alan insanlara yüksək dərəcədə emal olunmuş qidalardan imtina etmək tövsiyə olunur. Bu barədə italiyalı epidemioloq və profilaktoloq Mariyalaura Bonaççio məlumat verib.
Redaktor.az xəbər verir ki, onun araşdırmasının nəticələri "Mirror" nəşrində dərc olunub.
Tədqiqat zamanı məlum olub ki, xərçəng müalicəsi dövründə yüksək dərəcədə emal olunmuş qidalar qəbul edən insanlarda ölüm riski təxminən 60 faiz daha yüksəkdir. Bu cür qidalara dondurma, ət yarımfabrikatları, çipslər, kütləvi istehsal olunan çörək, bəzi quru səhər yeməkləri, peçenye, bir çox hazır yeməklər və qazlı içkilər daxildir.
Bonaççionun sözlərinə görə, bu məhsulların sənaye üsulu ilə emalı zamanı istifadə olunan maddələr təhlükəlidir, çünki maddələr mübadiləsinə təsir göstərə, bağırsaq mikroflorasını poza və iltihab proseslərini gücləndirə bilər. Həkim qeyd edib ki, yüksək dərəcədə emal olunmuş qidalar kağız üzərində minimal emal edilmiş və ya “təbii” məhsullarla eyni kalorili və qida tərkibli görünsə də, yenə də orqanizmə zərərli təsir göstərə bilər.
Aytəkin TOFİQQIZI













