Duzun həddindən artıq qəbulu ZİYANDIR
Duzlu qidaların uzunmüddətli və həddindən artıq qəbulu beynin fəaliyyətinə mənfi təsir göstərə, yaddaş və öyrənmə qabiliyyətini zəiflədə, eyni zamanda narahatlıq hallarını artıra bilər. Bu qənaətə Çinin Sian Tsyaotonq Universitetinin alimləri gəliblər.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "European Journal of Pharmacology" jurnalında dərc olunub.
Araşdırma çərçivəsində laboratoriya siçanları altı ay ərzində yüksək duz tərkibli qida rasionu ilə qidalandırılıb. Aparılan davranış testləri onların koqnitiv funksiyalarının zəiflədiyini, öyrənmə qabiliyyətinin azaldığını və narahatlıq səviyyəsinin artdığını göstərib. Paralel olaraq alimlər yaddaş və emosiyaların formalaşmasında mühüm rol oynayan hipokamp nahiyəsində neyron zədələnməsi və iltihab əlamətləri aşkar ediblər.
Təhlillər göstərib ki, bu dəyişikliklərin əsas mexanizmi “bağırsaq–beyin” oxunun fəaliyyətinin pozulması ilə bağlıdır. Yüksək duzlu qida bağırsaq mikrobiotasının tərkibində dəyişikliklərə səbəb olub ki, bu da beyində gen aktivliyinin dəyişməsi, neyroiltihabın güclənməsi və sinir hüceyrələrinin məhvi ilə əlaqələndirilib.
Alimlər iltihabi və neyrodegenerativ proseslərlə əlaqəli olan konkret bakteriya qruplarını da müəyyən ediblər. Xüsusilə Dubosiella və Anaeroplasma bakteriyalarının sayının artması bağırsaq mikrobiotasında Btbd16, Il1b, Prlr, Cd24a və Ak kimi iltihab markerlərinin ifadəsinin yüksəlməsinə səbəb olub.
Tədqiqat müəllifləri bildirirlər ki, əldə olunan nəticələr bağırsaq mikrobiotasının koqnitiv pozuntuların inkişafındakı roluna dair sübutları gücləndirir və qida rasionunda duz normasının uzunmüddətli aşılmasının potensial təhlükəsini göstərir. Gələcəkdə bu nəticələr qidalanmanın tənzimlənməsi yolu ilə koqnitiv sağlamlığın qorunmasına yönəlmiş profilaktik yanaşmaların əsasını təşkil edə bilər.
Nuriyyə NATİQQIZI













