İştahı necə kəsmək olar? - AÇIQLAMA
İştahı iynə və dərmanlardan istifadə etmədən azaltmağın dörd effektiv yolu mövcuddur.
Redaktor.az xəbər verir ki, bu barədə gazeta.ru"ya həkim-endokrinoloq Natalya Tanygina məlumat verib.
Həkimin sözlərinə görə, iştahanın azalmasına kömək edən əsas üsullar sürətlə mənimsənilən (“tez”) karbohidratların məhdudlaşdırılması, qida rasionunda zülalın artırılması, müntəzəm fiziki aktivlik və yuxu rejiminin normallaşdırılmasıdır.
Mütəxəssis bildirib ki, aclıq hormonu hesab edilən qrelin insulin ifrazına birbaşa təsir göstərir. Aclıq hissi nə qədər güclü olarsa, insulin ifrazı da bir o qədər artır. Bu zaman orqanizm beyni tez bir zamanda karbohidratlarla təmin etməyə çalışır. Nəticədə qan şəkəri aşağı düşür, insan özünü əsəbi və yorğun hiss edir, əllərdə titrəmə, soyuq tər müşahidə olunur və şirin qidalara meyl yaranır.
Həkim qeyd edib ki, belə hallarda şirin qida qəbul etmək düzgün deyil. Çünki şəkərli məhsullar qan şəkərini sürətlə yüksəldir və mədəaltı vəzi daha çox insulin ifraz edir. Bu isə aclıq hissinin yenidən artmasına səbəb olur. Onun sözlərinə görə, bu cür “şirin dalğalanmalar” insulin və qrelin balansının pozulmasına gətirib çıxarır. Bu səbəbdən asan mənimsənilən karbohidratlar əvəzinə mürəkkəb karbohidratlara üstünlük verilməsi tövsiyə olunur.
İkinci üsul qida rasionunda zülalın artırılmasıdır. Həkim vurğulayıb ki, məhz zülal orqanizmdə real toxluq hissi yaradır və aclıq hormonunun səviyyəsini aşağı salır.
Üçüncü üsul düzgün seçilmiş fiziki yüklənmələrdir. Mütəxəssisin sözlərinə görə, uyğun idman fəaliyyəti insulinə həssaslığı artırır və bu da aclıq hissinin azalmasına səbəb olur. Bununla yanaşı, həddindən artıq yüklənmədən qaçmaq lazımdır, çünki bu halda qan şəkərinin kəskin düşməsi — hipoglikemiya baş verə bilər.
Sonuncu və vacib üsul isə keyfiyyətli yuxudur. Həkim qeyd edib ki, yuxu aclıq və toxluq hissi ilə birbaşa bağlıdır. Yuxu çatışmazlığı iştahı tənzimləyən leptin və qrelin hormonlarının ifrazında pozuntular yaradır.
Nuriyyə NATİQQIZI













