Diş əti xəstəlikləri beyin sağlamlığı üçün təhlükə yaradır
Nevroloq və epileptoloq Baybin Çen demensiya və insultun inkişafına səbəb ola bilən gözlənilməz bir amil barədə xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, mütəxəssisin sözlərini "Mirror" nəşri yayımlayıb.
Çenin sözlərinə görə, diş və diş əti sağlamlığına yetərincə diqqət etməyən şəxslər insult və demensiya riski qrupuna daxildir. O bildirib ki, genişmiqyaslı tədqiqatlar diş əti xəstəlikləri, kariyesi olan və ya iri dişlərini itirmiş insanlarda bu xəstəliklərin yaranma riskinin daha yüksək olduğunu göstərir.
Həkim əlavə edib ki, xroniki diş əti xəstəlikləri orqanizmdə davamlı iltihaba səbəb ola bilər. Bu iltihab isə qan damarlarına zərər verərək ciddi fəsadlara yol açır. Çenin sözlərinə görə, ağız boşluğunda mövcud olan bakteriyalar insultlara səbəb olan trombların içərisində də aşkarlanıb.
“Bu səbəbdən bəzən tibbi müayinə zamanı xəstələrin dişlərini də yoxlayıram. Məqsəd dişlərin zahiri görünüşünü qiymətləndirmək deyil, onların ümumi sağlamlıq vəziyyəti haqqında məlumat əldə etməkdir”, — deyə Baybin Çen qeyd edib.
Aytəkin TOFİQQIZI













