Uşaqlar hansı yaş aralığında daha çox xəstələnirlər? - AÇIQLAMA
"Yoluxma yolları daha çox hava-damcı yolu ilə olduğu üçün infeksiya bir insandan digərinə çox rahatlıqla keçir. Asqırdıqda, öskürdükdə virus hava-damcı yolu ilə yayılır".
Redaktor.az xəbər verir ki, bunu K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu-nun pediatrı Səbinə Cəfərova Səhiyyə Nazirliyinin instaqram hesabında keçirilən canlı yayımda bildirdi.
Onun sözlərinə görə, bəzi viruslar mədə-bağırsaq yolu ilə də keçə bilər:
"Bu isə əsasən çirklənmiş əllər vasitəsilə baş verir. Uşaq virusla çirklənmiş əli ilə burnuna, ağzına və ya digər selikli qişalara toxunduqda yoluxma baş verir. Həmçinin çirklənmiş suyun qəbulu da yoluxmaya səbəb ola bilər. Daha çox sıx kollektivlərdə, uşaqlar bir-biri ilə yaxın təmasda olduqda, asqırma və öskürmə zamanı hava-damcı yolu ilə yoluxma geniş yayılır. Gigiyenik qaydalara riayət edilmədikdə, uşaqlar kütləvi toplanılan yerlərə aparıldıqda və xüsusilə immun sistemi zəif olan uşaqlarda xəstələnmə riski daha yüksək olur. Bu infeksiyalar daha çox 6 aydan 5 yaşa qədər olan uşaqlarda müşahidə edilir. Məktəb yaşlı uşaqlarda isə bu virus infeksiyalarına yoluxma halları nisbətən daha az rast gəlinir".
Nuriyyə NATİQQIZI













