"Şirniyyat və paketlənmiş hazır qidaların qəbulu uşaqlarda iştahsızlığa səbəb ola bilər" - Pediatrdan XƏBƏRDARLIQ
"İştahasızlıq və halsızlıq hansı dövrdə baş verməsindən asılı olaraq fərqli qiymətləndirilməlidir. Əgər uşaq kəskin virus infeksiyası keçirirsə, yəni qızdırması və digər infeksiya əlamətləri varsa, bu zaman iştahasızlıq və halsızlıq mövcud kəskin xəstəliklə əlaqəli olur və adətən sağaldıqdan sonra aradan qalxır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y.Fərəvova adına Ekmi-Tədqiqat Pediatriya İnsitutunun pediatrı Səbinə Cəfərova Səhiyyə Nazirliyinin instaqram hesabında keçirilən canlı yayımda vurğuladı.
Həkim nəzərə çatdırdı ki, uşaq sağlam olduğu halda bu əlamətlər müşahidə edilirsə, o zaman səbəbi mütləq araşdırılmalıdır:
"Bu hallarda qurd invaziyaları yoxlanılmalı, qan azlığı ehtimalı qiymətləndirilməli, eləcə də mümkün xroniki xəstəliklər nəzərdən keçirilməlidir. Həmçinin vitamin və mineral çatışmazlığı, xüsusilə D vitamini səviyyəsi mütləq yoxlanmalıdır. Bundan başqa, qidalanma rejimi də mühüm rol oynayır. Düzənsiz qidalanma, yeməkdən əvvəl həddindən artıq şirniyyat və paketlənmiş hazır qidaların qəbulu uşaqlarda iştahsızlığa səbəb ola bilər. Halsızlıq isə daha çox vitamin-mineral çatışmazlığı ilə əlaqəli olur və bu baxımdan laborator müayinələr aparılması məqsədəuyğundur".
Nuriyyə NATİQQIZI













