Uşaqlar gündə nə qədər telefondan istifadə edə bilər? - Həkimdən AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və aparıcı pediatrik assosiasiyaların tövsiyələrinə əsasən, yeniyetmələr (12–18 yaş) gün ərzində telefondan iki-üç saatdan artıq istifadə etməməlidirlər.
Redaktor.az xəbər verir ki, bu barədə gazeta.ru-ya Piroqov Universitetinin Uşaq xəstəliklərinin propedevtikası kafedrasının assistenti Zaur Xatşukov məlumat verib.
Həkimin sözlərinə görə, iki yaşadək uşaqlar ümumiyyətlə heç bir ekran qarşısında vaxt keçirməməlidirlər. “Bu yaşda beyin real dünyanı öyrənməlidir, virtual mühiti yox. Beş yaşadək uşaqlar üçün limit bir saatdır və mütləq hər 15 dəqiqədən bir fasilə verilməlidir. Ekran qarşısında vaxt valideynlə birlikdə keçirilməli və baxılan məzmun müzakirə olunmalıdır. Üstünlük inkişaf etdirici və yaşa uyğun kontentə verilməlidir”, – deyə o bildirib.
Mütəxəssis qeyd edib ki, 6–12 yaş arası uşaqlar gündə iki saata qədər telefondan istifadə edə bilərlər. 12–18 yaş aralığında isə bu müddət iki-üç saat ola bilər. Lakin əsas meyar vaxt deyil, məzmunun keyfiyyəti və təhsil, yuxu, canlı ünsiyyətlə balansın qorunmasıdır.
Həkim ailələrə aydın qaydalar müəyyən etməyi tövsiyə edib: yemək zamanı, yatmazdan 1,5–2 saat əvvəl və oyanan kimi telefondan istifadə qadağan olunmalıdır. Evdə “telefonsuz zona” yaradılması da vacibdir. Məsələn, mətbəx və yataq otağında telefonlardan istifadə edilməməli, axşam saat 21:00-dan sonra bütün cihazlar uşağın otağından kənarda ümumi enerji mənbəyinə qoşulmalıdır.
Xatşukov valideyn nümunəsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. “Valideyn özü daim telefondadırsa, uşağından onu kənara qoymağı tələb edə bilməz. Uşağın telefona üz tutmasının əsas səbəbi darıxmaqdır. Birgə gəzintilər, stolüstü oyunlar, idman, yaradıcılıq və ev işlərinə cəlb etmək bu problemi azalda bilər”, – deyə o əlavə edib.
Mütəxəssis xəbərdarlıq edib ki, ekran vaxtının normadan artıq olması fiziki və psixoloji sağlamlıq üçün risklidir. Ekranın mavi işığı tor qişanın qan təchizatını zəiflədir və melatonin hormonunun ifrazını azaldır. Uzun müddət hərəkətsiz və əyri vəziyyətdə oturmaq onurğa problemlərinə, skolioza, əzələ zəifliyinə, boyun və bel ağrılarına səbəb ola bilər. Davamlı və intensiv informasiya axını isə formalaşmamış sinir sistemini yükləyir.
Həkimin sözlərinə görə, xüsusilə azyaşlı uşaqlarda rəqəmsal cihazlardan həddindən artıq istifadə nitq və sosial inkişafın ləngiməsinə, koqnitiv funksiyaların zəifləməsinə və asılılığın formalaşmasına gətirib çıxara bilər. Bu isə telefonun həddindən artıq istifadəsinin yaratdığı risklərin yalnız bir hissəsidir.
Nuriyyə NATİQQIZI













