Həkim yuxu ilə qaraciyər sağlamlığı arasındakı əlaqəni AÇIQLADI
Qaraciyərin sağlamlığı yuxunun keyfiyyətinə birbaşa təsir göstərir. Buna görə də bəzi yuxu problemləri hepatoloqa müraciət üçün əsas ola bilər. Məsələn, gündüz yuxululuq yağlı qaraciyər xəstəliyinin əlaməti ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Piroqov Universiteti-nin hospital terapiyası kafedrasının assistenti Anna Tixomirova gazeta.ru-ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, qaraciyər orqanizmin “daxili saatının” sirkadiyal ritmlərin tənzimlənməsində mühüm rol oynayır. Qaraciyər hüceyrələrində bu ritmləri idarə edən xüsusi reseptorlar mövcuddur. Onlar enerji mübadiləsini, yağ metabolizmini və yuxu-oyanıqlıq dövrünə təsir edən hormonların ifrazını tənzimləyir. Qaraciyər funksiyası pozulduqda, məsələn, qeyri-alkoqollu yağlı qaraciyər xəstəliyi və ya sirroz zamanı bu mexanizm pozulur. Nəticədə sirkadiyal ritmlər sinxronluğunu itirir, yuxunun keyfiyyəti pisləşir və gündüz yuxululuq yaranır.
Qaraciyər problemləri yuxunun səthi, qırıq-qırıq və qısa olmasına səbəb olur. Pasiyentlər bunu yuxuya getməkdə çətinlik və səhər yorğun oyanma kimi hiss edirlər.
Həkim vurğulayıb ki, qaraciyərin yuxuya təsiri xüsusilə sirrozlu pasiyentlərdə daha qabarıq görünür. 2025-ci il icmal məqaləsinə əsasən, onlar ümumi əhali ilə müqayisədə yuxu pozuntularından beş dəfə çox şikayət edirlər. Sirroz zamanı yuxu pozuntuları qaraciyər ensefalopatiyası qaraciyərin zərərsizləşdirə bilmədiyi toksinlərin beyinə təsiri ilə bağlı risk yaradır. Bu sindrom gecə oyanmaları və gündüz yuxululuqla müşahidə olunur.
Eyni zamanda, yuxu ilə qaraciyər arasında əks əlaqə də mövcuddur. Obstruktiv yuxu apnoesi yuxu zamanı tənəffüsün dayanması yağlı qaraciyər xəstəliyinin inkişafı və irəliləməsi üçün müstəqil risk faktorudur. Apnoe zamanı yaranan hipoksiya, yəni oksigen çatışmazlığı, qaraciyərdə iltihabı və fibroz prosesini gücləndirir.
Həkim qeyd edib ki, xəstə qaraciyər sirkadiyal ritmləri pozaraq yuxunu səmərəsiz və fasiləli edir, ağır hallarda isə ciddi nevroloji pozuntulara səbəb olur. Digər tərəfdən, apnoe kimi yuxu problemləri də qaraciyərin vəziyyətini pisləşdirir və beləliklə, qapalı bir mənfi dövr yaranır.
Nuriyyə NATİQQIZI













