Böyüklərin dietası uşaqlara qətiyyən uyğun deyil - Uşaq endokrinoloqu
"Mən praktikamda pasientlərlə danışarkən “dieta”, “pəhriz” sözlərini çox işlətməməyə çalışıram. Niyə? Çünki bu sözlər bir çox insan üçün stres yaradan və çaşdırıcı anlayışlardır. Üstəlik, böyüklərin sürətli arıqlamaq məqsədilə seçdiyi bəzi pəhriz üsulları uşaq fiziologiyası üçün qətiyyən uyğun deyil. Məsələn, uzunmüddətli acqalma, 16 saat ac qalıb 8 saat qidalanma, gün ərzində yalnız limonlu su içmək və ya təkcə göyərti ilə qidalanmaq kimi yanaşmalar uşaqlar üçün tövsiyə edilmir".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə dedi.
Onun sözlərinə görə, artıq çəkili uşağın çəki azaltması mütləq peşəkar uşaq dietoloqu tərəfindən planlaşdırılmalıdır:
"Rasionun ümumi kalori dəyəri azaldıla bilər, lakin qida maddələrinin nisbəti mütləq qorunmalıdır. Çünki uşaqlar böyüyən orqanizmdir və onların gündəlik karbohidratlara (şəkər mənbələri daxil olmaqla), yağlara və zülallara ehtiyacı var. Hansı pəhriz tətbiq olunursa olunsun, bu əsas qida komponentlərinin balansı saxlanılmalıdır. Heç biri tamamilə azaldılmamalı və ya kəsilməməlidir, sadəcə, orqanizmin ehtiyacına uyğun miqdarda verilməlidir. İnternetdən götürülmüş hər hansı bir “dieta”nın uşaq üçün uyğun olması mümkün deyil. Çünki hər uşaq fərdidir. Eyni boy və çəkidə olsalar belə, onların enerji sərfiyyatı fərqli ola bilər. Hərəkətli uşaqla az hərəkətli uşağın metabolik sürəti eyni deyil. Buna görə də qidalanma planı fərdi xüsusiyyətlərə uyğun tərtib olunmalıdır".
Nuriyyə NATİQQIZI













