Sosial şəbəkə vasitəsiylə uşağın xəstəliyi üzə ÇIXDI

 16:08 05.03.2026     305

Britaniyada bir ana sosial şəbəkə istifadəçilərinin köməyi ilə üç yaşlı qızının ciddi xəstəliyini vaxtında aşkar edə bilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

Məlumata görə, britaniyalı Eleyin Mari bildirib ki, 2025-ci ildə qızı davamlı və güclü ağrılardan şikayət etməyə başlayıb. Ağrılar hətta gecələr də səngimirmiş. Həkimlər isə uşağın vəziyyətini böyümə dövrü ilə əlaqələndirərək anaya yalnız iltihabəleyhinə dərmanlardan istifadə etməyi tövsiyə ediblər.

Bir müddət sonra ana uşağın dizində şiş gördükdən sonra kömək üçün "TikTok" sosial şəbəkəsinə müraciət edib. Sosial şəbəkə istifadəçiləri uşağın "yuvenil idiopatik artrit" xəstəliyindən əziyyət çəkə biləcəyini ehtimal ediblər.

Məlumata görə, xəstəxanada qıza əvvəlcə "Hoffa" xəstəliyi (infrapatellyar piy yastığı sindromu) diaqnozu qoyulub. Lakin ananın təkidi ilə əlavə müayinələr aparılıb və nəticədə sosial şəbəkə istifadəçilərinin ehtimalı təsdiqlənib – uşağa yuvenil idiopatik artrit diaqnozu qoyulub.

Eleyin Mari həmin anı belə xatırlayır: “Onun "yuvenil artrit" olduğunu eşitmək qorxulu idi, amma eyni zamanda bir qədər rahatladım. Bu o demək idi ki, mən dəli olmamışam və qızımın ağrılarını şişirtməmişəm”.

Qeyd edək ki, "yuvenil idiopatik artrit" oynaqlarda iltihaba səbəb olan xroniki autoimmun xəstəlikdir və vaxtında müalicə olunmadıqda uzunmüddətli fəsadlara gətirib çıxara bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən