“Arıqladır” deyə içilən sirkə mədəni zədələyir - Həkimdən XƏBƏRDARLIQ

 15:20 18.03.2026     517

"Bəzi insanlar yağ yandırmaq məqsədilə səhərlər acqarına müxtəlif qarışıqlar şəklində sirkə qəbul edirlər. Onlara hər zaman izah edirik ki, bu, potensial olaraq mədə xəstəliyinə yol açır və belə şəxslərin əksəriyyətində kəskin reaktiv qastrit kimi hallar müşahidə olunur. Endoskopik müayinə zamanı mədədə ocaqlı qızartı sahələri görünür, çünki sirkə birbaşa olaraq mədənin selikli qişasını zədələyir".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirdi.

Onun sözlərinə görə, bu kimi yanaşmalar daha çox sosial şəbəkələrdə yayılan və elmi əsaslara söykənməyən miflərdən qaynaqlanır:

"Aparılan ümumi araşdırmalar göstərir ki, sirkə mədə turşuluğunu artırır və mədənin boşalma sürətini yüksəldir. Bu isə həzm prosesinin süni şəkildə sürətləndirilməsi deməkdir. Bəzi insanlar yeməkdən sonra qazlı içkilər qəbul edərək qidanın “tez həzm olunacağını” düşünür. Bu da eyni dərəcədə yanlış və təhlükəli yanaşmadır. Həm sirkə, həm də qazlı içkilər mədənin turşu balansına və reseptorlarına təsir edərək həzm prosesini pozur. Nəticədə mədə qidanı tam həzm etmədən bağırsağa ötürür və əlavə yük mədəaltı vəz və öd kisəsinin üzərinə düşür. Bu cür yanlış vərdişlər zamanla öd problemləri, pankreatit, kəskin mədə ağrıları, mədə zədələnməsi, qəbizlik və ya ishal kimi ciddi fəsadlara səbəb olur. Bu mövzulara toxunmağımızın məqsədi insanların bu risklər barədə məlumatlı olmasıdır".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən