"Rəqəmsal hücumlar həkimlərin nüfuzunu sarsıdır" - Psixoloqdan XƏBƏRDARLIQ
"Rəqəmsal dünya sərhədsizdir. Əlbəttə ki, hər kəs hər kəsə nəzarət edə bilməz. Bəzən rəqəmsal mühitdə insanlar istədiklərini yazır, kiməsə qarşı qərəzli fikirləri ifadə edirlər. Bu isə istər-istəməz müqəddəs sayılan peşələrin nüfuzuna zərər vurur. Bu, yolverilməzdir. Bu gün həkimlik peşəsini gözdən salsaq, cəmiyyət olaraq çox şey itirərik, hətta gələcəyimizi riskə atarıq. Bu, həssas məsələdir".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov dedi.
O qeyd etdi ki, həkimlərə, müəllimlərə və hərbçilərə qarşı diqqətli yanaşmaq lazımdır:
"Çünki bunlar cəmiyyətin əsas sütunlarıdır. Həkimi hədəfə almaq, əslində, öz sağlamlığını hədəfə almaq deməkdir. Rəqəmsal dünyada isə insanlar çox vaxt şəxsi problemlərini ümumiləşdirirlər. Ola bilər ki, ideal sistem yoxdur və ya kimsə konkret bir həkimlə mübahisə yaşayıb. Bu, o demək deyil ki, bütün həkimlər eynidir. Əgər hər hansı problem yaranırsa, onu hüquq çərçivəsində həll etmək mümkündür. Sağlam psixoloji yanaşma da məhz bundan ibarətdir. Psixologiyanın sərhədi də hüquqa qədər uzanır. Gələcək qurmaq istəyiriksə, bunun sağlamlıqla birbaşa əlaqəsi var. Sağlam düşüncə sağlam münasibət formalaşdırır. Rəqəmsal mühitdə dezinformasiyanın yayılması və peşə sahiblərinin nüfuzdan salınması müsbət nəticə vermir. Bu, həm də həmin insanların öz peşəsinə olan sevgisini azaldır, onları demotivasiya edir. Bu gün çoxsaylı həkimlər ağır və gərgin şəraitdə çalışır, bəzən şəxsi və ailə həyatlarından belə demək olar ki, məhrum olurlar. Belə olan halda, onların göstərdiyi fədakarlığı görüb daha artığını tələb etmək düzgün deyil. İnsanları mənəvi cəhətdən sarsıtmaq olmaz. Hər kəs bir-birinin qədrini bilməlidir".
NURİYYƏ













