"Məktəb bufetlərində belə məhsulların satışına xüsusi nəzarət edilməlidir" - XƏBƏRDARLIQ

 12:52 12.05.2026     431

Ötən ay Bakıda məktəblərin birində 7 şagird qoğaldan zəhərlənib.

Bəs qoğal hansı formada hazırlanmalı və hansı şəraitdə saxlanılmalıdır ki, belə neqativ hallar baş verməsin?

Redaktor.az-a danışan qida eksperti Fərid Səfərov bildirdi ki, qoğal kimi un məmulatlarında zəhərlənmə riski əsasən məhsulun hazırlanması, saxlanılması və satış şəraitində yol verilən gigiyenik səhvlərlə bağlı olur:

"Xüsusilə kremli, yumurtalı və süd məhsulları ilə hazırlanan qoğallar düzgün temperaturda saxlanılmadıqda bakteriyalar sürətlə çoxala bilir. Qoğal hazırlanarkən istifadə olunan yumurta, süd, yağ və digər xammallar təzə və təhlükəsiz olmalıdır. Xəmir tam bişməli, iç hissəsi çiy qalmamalıdır. Hazırlıq zamanı işçi heyətin əl gigiyenasına əməl etməsi, istifadə olunan avadanlıqların təmiz saxlanılması da çox vacibdir".

Həmsöhbətimiz vurğuladı ki, saxlama şəraiti ən kritik məqamlardan biridir:

"Qoğal uzun müddət isti və ya otaq temperaturunda qaldıqda xüsusilə stafilokok, salmonella kimi bakteriyaların inkişaf riski artır. Əgər tərkibində tez xarab olan məhsullar varsa, soyuducu şəraitdə saxlanmalıdır.  Açıq havada, gün altında və ya gigiyenik olmayan vitrinlərdə satılması risk yaradır".

Ekspert qeyd etdi ki, məktəb bufetlərində belə məhsulların satışına xüsusi nəzarət edilməlidir:

"Məhsulun hazırlanma tarixi, saxlanma temperaturu və istifadə müddəti daim yoxlanmalıdır. Valideynlər və uşaqlar da görünüşü, qoxusu və dadında dəyişiklik olan qidaları istehlak etməməlidirlər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən