Hantavirus pandemiyaya səbəb ola bilər, çünki... - Azərbaycanlı həkim səbəbləri AÇIQLADI
Bildiyimiz kimi, dünya ölkələrinin bəzilərində aşkarlanan hantavirus Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) həyəcan siqnalı verməsinə səbəb olub.
Maraqlıdır, yayılmağa davam edən bu virus yenidən pandemiyaya səbəb ola bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının dosenti, keçmiş SSRİ-nin ilk antioksidant preparatı "Meksidol"un həmmüəllifi Aydın Əliyevin sözlərinə görə, tibbdə belə bir anlayış var ki, epidemiya və pandemiya yarada biləcək yeni virusların ortaya çıxması hər zaman mümkündür:
"Yəni “belə bir təhlükə ola bilərmi?” sualına cavab birmənalı şəkildə “ola bilər”dir. Bu, o demək deyil ki, mütləq baş verəcək, amma ehtimal hər zaman mövcuddur. Virusların təbiəti də məhz budur: dəyişmək, uyğunlaşmaq və yeni şəraitdə fərqli davranış göstərmək. Ümumiyyətlə, bu gün dünyada baş verən proseslərə baxdıqda görürük ki, bir çox xəstəliklərin artması təsadüfi deyil. Müharibələr, radiasiya, ekoloji çirklənmə, keyfiyyətsiz qida, çirkli su və havanın insan sağlamlığına mənfi təsiri artıq açıq şəkildə müşahidə olunur. Bədxassəli şişlər, diabet, ürək-damar xəstəlikləri və digər ağır patologiyaların artması da bu proseslərlə əlaqələndirilir. Bütün bu amillər insan orqanizminə, xüsusilə də genetik və immun sisteminə təsir göstərir. İnsan hüceyrələrinin əsasını təşkil edən DNT-də baş verən dəyişikliklər, həmçinin immun sisteminin zəifləməsi orqanizmi xəstəliklərə qarşı daha həssas hala gətirir. İmmun sistemi zəiflədikdə isə müxtəlif virus və infeksiyalar insan orqanizminə daha rahat daxil olub yayıla bilir".
Müsahibimiz qeyd etdi ki, dünya ictimaiyyəti və kütləvi informasiya vasitələri yalnız xəstəlik yayıldıqdan sonra deyil, həmin problemlərin kökündə dayanan səbəblər barədə də ciddi şəkildə danışmalıdır:
"Müharibələrin, ekoloji dağıntıların, keyfiyyətsiz qida və su probleminin qarşısının alınması insan sağlamlığının qorunması baxımından olduqca vacibdir. Keçmiş dövrlərlə müqayisə aparanda görürük ki, insanlar maddi baxımdan daha çətin şəraitdə yaşasalar belə, daha təbii həyat tərzinə sahib idilər. Təbii qidalanma, fiziki hərəkətlilik, daha sağlam ekoloji mühit insanların ümumi sağlamlığına müsbət təsir göstərirdi. Bu gün isə texnoloji inkişafla yanaşı ekoloji və sosial balansın pozulması yeni sağlamlıq riskləri yaradır. İqlim dəyişiklikləri, atmosferin tərkibindəki dəyişikliklər, qeyri-adi təbiət hadisələrinin artması da ümumi ekoloji gərginliyin bir hissəsi kimi qiymətləndirilir. Bütün bunlar müxtəlif xəstəliklərin yayılması üçün əlavə risk faktorları yarada bilər".
Həkim vurğuladı ki, çıxış yolu tamamilə yoxdur demək doğru olmaz.
"İnsanlar imkan daxilində şəxsi gigiyena qaydalarına əməl etməklə, sağlam həyat tərzi seçməklə, keyfiyyətli qidalanmağa diqqət etməklə və yaşadıqları mühiti qorumaqla bir çox xəstəliklərin qarşısını müəyyən qədər ala bilərlər. Dövlət səviyyəsində görülən sanitariya, səhiyyə və ekoloji tədbirlər də bu baxımdan xüsusi əhəmiyyət daşıyır".
Xədicə BAXIŞLI













