Diş fırçasının saxlanmasında edilən səhv sağlamlığa zərər verə bilər - Həkimdən ÇAĞIRIŞ
Həkim Sebastian Arrieta diş fırçasının düzgün saxlanmamasının sağlamlıq üçün risk yarada biləcəyini bildirib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Onun sözlərinə görə, diş fırçasını vanna otağında saxlamaq məsləhət görülmür. Yüksək rütubət bakteriya və digər mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaradır. Xüsusilə, fırça istifadə edildikdən sonra yaxşı qurudulmadıqda risk daha da artır.
Mütəxəssis həmçinin diş fırçasının hava keçirməyən qablarda saxlanılmasının da düzgün olmadığını vurğulayıb. Bu, nəmin qalmasına və mikrobların çoxalmasına səbəb ola bilər.
Həkim diş fırçasını istifadə etdikdən sonra yaxşıca yumağı, suyun rahat axması üçün onu şaquli vəziyyətdə saxlamağı tövsiyə edib. Bundan əlavə, diş fırçasının hər üç aydan bir və hər hansı infeksiyadan sonra dəyişdirilməsi məsləhət görülür.
Arrieta həmçinin dişləri həddindən artıq güclə fırçalamamağı tövsiyə edib, çünki bu, fırçanın tüklərinin daha tez sıradan çıxmasına səbəb olur.
Aytəkin TOFİQQIZI













