Enerji içkilərinin gənclərin beyninə zərəri sübut OLUNDU

 23:13 01.06.2026     395

Enerji içkilərinin müntəzəm qəbulu yeniyetmələrin və gənclərin beyin funksiyalarına ciddi ziyan vurur və yaddaş zəifliyinə səbəb olur.

Redaktor.az xəbər verir ki, araşdırma Böyük Britaniyanın Nyukasl Universitetinin mütəxəssisləri tərəfindən aparılıb. Elmi işin təfərrüatları "Public Health" beynəlxalq tibb jurnalında yayımlanıb.

Mütəxəssislər yüksək dozada kofein və taurin tərkibli içkilərin inkişafda olan orqanizmə təsirini öyrənmək üçün genişmiqyaslı məlumatları analiz ediblər. Tədqiqatda 12-21 yaş arası minlərlə gəncin sağlamlıq göstəriciləri nəzərdən keçirilib.

Analizlər göstərib ki, enerji içkilərindən tez-tez istifadə edən gənclərin beynində öyrənmə və qısamüddətli yaddaş funksiyalarını idarə edən prefrontal korteks nahiyəsində neyronların aktivliyi zəifləyir. Bundan əlavə, bu içkilər depressiya, təşviş pozuntusu (həyəcan) və intihar meyillərini stimullaşdırır.

Həkimlər xəbərdar edir ki, enerji içkiləri sadəcə müvəqqəti gümrahlıq hissi verir, lakin uzunmüddətli perspektivdə mərkəzi sinir sistemini tükəndirir. Alimlər hökumətləri yetkinlik yaşına çatmayanlara bu növ içkilərin satışını məhdudlaşdırmağa çağırırlar.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən